“Sumqayıt”dan ayrılmağımın səbəbi oynamaq şansımın az olması ilə bağlıydı. Daha çox oynamaq istəyirdim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Kamran Quliyev deyib.
Premyer Liqada “Sabah”, “Şamaxı”, “Sumqayıt” kimi komandaların şərəfini qorumuş 25 yaşlı forvard cari mövsümdə I Liqa təmsilçisinin uğurları üçün tər tökür.
Kamran bu qərarı məcburiyyətdən verib. Əsas istəyi elitada mübarizə aparmaq olsa da, yaranmış vəziyyət onu bu bu addımı atmağa vadar edib:
“Legioner limitinin ləğvindən sonra Premyer Liqada qalmağın mənası yox idi. Hansı kluba getsəydim, ehtiyatda qalacaqdım. Çünki legionerlərə şans verirlər.
Özünüz də görürsünüz ki, Premyer Liqa təmsilçilərinin bəlkə də 95 faizi hücum mövqeyində legionerləri oynadırlar. Bilirdim ki, yenə belə olacaq.
Ehtiyatda oturmaqdan, gözləməkdən yorulmuşdum. Ona görə də mütəmadi meydanda ola biləcəyim yerə üz tutdum.
“Səbail”in özü də Premyer Liqa səviyyəsində olan klubdur. İnşallah, növbəti mövsümdə yenidən elitada iştirak edərik”.
Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Quliyevin oğlu olan Kamran Quliyev yüksək dəstədə üç müxtəlif komandanın heyətində 72 oyuna çıxmaqla 9 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB

