“Səbail” rəhbərliyi futbolçulara sərt üzünü göstərib.
Premyer Liqaya qayıtmağa iddialı kolleitivin “Şimal”a uduzması rəsmiləri özündən çıxarıb.
Dekabrın 12-də baş tutan qarşılaşmada “dənizçilər”in autsayderə 3:4 hesabı ilə boyun əyməsi aylıq maaş məbləğinin 10 faiz kəsilməsinə səbəb olub.
Burada söhbət sıradan məğlubiyyətdən yox, turnir cədvəlininn sonuncusuna uduzmaqdan gedir.
“Şəfa”, “Mingəçevir”, “Baku Sportinq” kimi rəqiblərə yenilmək haradasa normal qarşılana bilərdi.
Ancaq 11 oyunda cəmi 2 heç-heçə edib, 9 dəfə uduzan, rəqib qapılarından cəmi 6 top keçirən komandanın qarşısında aciz qalmaq və 4 top buraxmaq...
Klub rəhbərliyi “ASCO Arena”da qeydə alınan məlum nəticəyə görə komanda üzvləri ilə sərt söhbət edib. Maaşlardan 10 faiz kəsiləcəyini deyib, bu hal təkrarlanacağı halda yenə eyni qərarın qəbul olunacağını bildirib.
Futbolçulara mövsümün ikinci yarısında son dərəcə məsuliyyətli olmaq tapşırılıb, bu, baş verəcəyi təqdirdə söz verilən mükafatın məbləği növbəti dəfə diqqətə çatdırılıb.
Çempionluq hədəfi dəyişməz qalır.
12 turdan sonra aktivində 22 xal olan “Səbail” lider “Şəfa”dan 8 xal geridə qalır.
HƏBİB / SPORTİNFO.AZ

