COP29

“Bu informasiyaların haradan yayıldığını təxmin edirik”

7 May 20:00 Səbail 473
“Bu informasiyaların haradan yayıldığını təxmin edirik”

“Səbail” PFK-nın akademiyasında məşq edən uşaqların guya klubu tərk etməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir”.

Bu sözləri Sportinfo.az-a “Səbail”in mətbuat katibi Rəşad Məmmədov saytımızda dərc olunan yazılara cavab olaraq bildirib.

Bir daha xatırladaq ki, redaksiyamıza daxil olan xəbərdə klubun akademiyadakı futbolçulara diqqətin azalması barədə məlumat sızıb.

Belə ki, aşağı yaş qrupları üzrə komandalar onlara ayrılan nəqliyyat vasitələrinin xədmətindən məhrum edilib.

Avtobuslar gündəlik olaraq uşaq və yeniyetmələri şəhərin müxtəlif istiqamətlərindən Bayıla aparıb-gətirirdi. “Dənizçilər”in rəsmiləri vəsaitə qənaət adıyla bu xidməti yığışdırıb.

Daha öncə xəbər vermişdik ki, rəhbərlik ayrı-ayrı rayonlardan gətirilmiş perspektivli uşaq və yeniyetmələri qaldıqları yerdən çıxarıb.

Demə, onlar üçün Bayılda, stadiona yaxın ərazidə böyük ev kirayələyib. Təqribən 12-15 nəfər orada yerləşdirilib.

Yaxınlarda isə azyaşlıların valideynləri bazaya dəvət olunub və evin boşaldılacağı bildirilib. İddia olunub ki, klubun kirayə haqqını ödəməyə artıq imkanı çatmır.

Nəticədə həmin uşaqların bir çoxu «Səbail»i tərk etmək məcburiyyətində qalıb və «Qarabağ», «Sabah», «Neftçi» kimi klublara üz tutub.

Son vaxtlara kimi akademiyaya aylıq 4000 manat ayrılıb. Bu məbləğ sırf yolpulu üçün nəzərdə tutulub.

O da hamıya şamil deyilmiş. Hər komandadan bir neçə istedadlı uşaq və yeniyetmə seçilib, hansı ki, ailəsinin maddi durumu zəifdir və uzaq məsafədə yaşayır, Bayıla gəlib-gedə bilmir - onlara 50-100 manat civarında ödəmə edilirmiş.

Klubun sözçüsü yayılan xəbərlər haqda deyib:

“Əlbəttə, mövsüm ərzində, əsasən də, fasilə dönəmində akademiyamızdan gedənlər olduğu kimi, bir o qədər də akademiyamıza yeni gələn futbolçular var və bu da futbolda təbii prosesdir.

Bu mövsüm akademiyamızı kütləvi şəkildə heç kim tərk etməyib. Bu barədə deyilən və yazılanlar tamamilə əsassızdır.

Nəqliyyatla bağlı yayılan məsələyə gəlincə, bu da həqiqəti əks etdirmir. Bütün yaş qruplarımız oyunlara klubun ayırdığı xüsusi avtobuslarla gedib-qayıdır.

Hətta “Səbail” PFK o klublardandır ki, akademiya komandalarımız səfər oyunlarına oyun günü yox, məhz bir gün öncədən göndərilir və otellərdə məskunlaşdırılır.

Akademiyamızın bəzi futbolçularının kirayədə yaşadığı evdən çıxarılması məlumatı da təqdim olduğu kimi deyil. Həqiqətən də müxtəlif yaş qruplarından olan bəzi uşaqlar mövsümün əvvəlinə qədər bir evdə məskunlaşmışdı.

Bunun təhlükəsizlik, sanitar-gigieniya qaydalarına əməl olunması baxımından uyğun olmadığına görə həmin ev ilə müqaviləyə xitam verilib.

Çünki futbolçular ya akademiyanın binası olduğu halda orada məskunlaşmalı, ya da klubun özünə məxsus bazada qalmalıdır.

Bazamızda həmin şərait olmadığı üçün azyaşlı uşaqların nəzarətsiz hansısa evdə yaşamasını yolverilməz hesab edirik.

Çünki məsələnin təhlükəsizlik və sağlamlıq tərəfləri də var. Klub olaraq, bu informasiyaların haradan yayıldığını, niyə düzgün olmayan şəkildə çatdırılmasını da, əslində, təxmin edirik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq