Bu hörmətli şəxs pulu boş yerə futbola xərcləyir?

12 Oktyabr 2023 11:20 Səbail 2 116
Bu hörmətli şəxs pulu boş yerə futbola xərcləyir?

Premyer Liqanın ilk dövrəsi arxada qaldı.

Çempionat sürprizlərlə başlayıb desək, yalan olmaz.

Hər halda ötən mövsüm liqada yalmaq vəzifəsinin öhdəsindən yalnız son turda gəlmiş «Səbail»in hazırda ilk «üçlük»də yer alması əksər ekspertləri də təəccübləndirib.

Axır 6 turda 1 heç-heçə edən və 5 qalibiyyət alan «dənizçilər»i iddialılar sırasında görmək xoşdur. Niyə də olmasın, yarış iştirakçıları arasında rəqabət yaranıb və bu, sezonun qalan hissəsində bizə daha maraqlı mübarizə vəd edir.

«Səbail»in Müşahidə Şurasının sədri Rauf Vəliyevdir. O, eyni zamanda «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədridir. Kluba yaratdığı şəraitdən bəlli olur ki, Vəliyev bu sahəyə biganə deyil və daha böyük işlər görə bilər.

Onun «Səbail»ə jestləri, ayırdığı büdcə, verdiyi mükafat bəzən belə təəssürat yaradır ki, uğur görsə, bundan da ideal şərait yaratmağa hazırdır. Bəlkə də adam futbolda pulunu xərcləməyə yer axtarır, sadəcə, biz bunu bilmirik, yalnız təxmin edirik.

«Səbail»də çalışan hər kəs bu vəziyyəti düzgün qiymətləndirməli, doğru nəticə çıxarmalıdır.

Başda da Şahin Diniyev. Üçüncü turdan sonra «altıncı yer uğrunda mübarizə aparacağıq» açıqlaması verən baş məşqçi ilk dövrənin tamamında bürünc medala iddiasını ortaya qoymursa…

Əcəba, Vəliyevin kluba bu qədər vəsait yatırmasının qarşılığı nədir onda? Komanda elə orta sıralar uğrunda vuruşacaqsa, aylıq maaşı 15-20 min dollar olan legionerləri yığıb bura tökmək başqa hansı maraqlara xidmət edir?

«Səbail» Premyer Liqanın ən imkanlı 4 mənsubundan biridir. Büdcəsi 10 milyon manatdan çox olar, az olmaz. «Qarabağ», «Neftçi» və «Sabah»dan geri qala bilərlər, digərlərindən isə yox.

Elə isə Diniyev, heç olmasa, üçüncülük savaşına qoşulduqlarını dilə gətirməkdən niyə qorxur? Özünə inanmır, yoxsa futbolçularına? Olmaya rəhbərliyinə?

O, ya yenə qeyri-səmimidir, ya da ki, fikir azdırır. Mən bu şəxsin yadına 2 il qabaq verdiyi bir açıqlamanı yadına salmaq istəyirəm.

Demişdi ki, «Səbail»də millinin keçmiş futbolçuları üstünlük təşkil etdiyindən, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmalıdırlar.

Həmin vaxt «Səbail»i Aftandil Hacıyev çalışdırırdı və Diniyevin işarə etdiyi oyunçuları da o, bura oradan-buradan yığmışdı. Nə olsun ki, Rauv Əliyev, Kamran Ağayev, Əfran İsmayılov və başqaları illər əvvəl millinin formasını geyinmişdi,

«Səbail»ə gəldikləri vaxt demək olar digər klubların heç birinə lazım deyildilər. Burada aldıqları pul isə qəpik-quruş idi. Onu da düz-əməlli vermirdilər, aylarla yubadırdılar.

Şəraitdən isə danışmağa dəyməz, adicə 3-5 manatlıq nahar da təşkil etmirdilər. İndiki «Səbail» yağ-bal içində üzür, Diniyevin aldığı 3 legionerin puluna Hacıyev onda 22-24 nəfərlik komanda formalaşdırmışdı.

Diniyev belə düz adamdırsa, ədalət tərəfdarıdırsa, niyə «avrokuboklara vəsiqə qazanmaq bizim borcumuzdur» demir?

Bəyəm Rauf Vəliyev bu büdcəni onun üçün ayırmayıbmı? Şefinin gördüyü işlərin əvəzində qitə arenasına da yollanmayacaqlarsa, o, daha niyə burada qalır, işləyir?

Bircə quru maaş alıb, yazıq görkəm aıb, özünü sakit və sözəbaxan göstərmək üçün? Onda belə çıxır ki, Rauf Vəliyev pulu futbola boş yerə xərcləyir və komandasını yenidən avrokuboklarda görmək haqqn yoxdur?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti