"Nə olubsa, olub, heç kimdən incik deyiləm"

9 Oktyabr 2023 09:40 Səbail 602
"Nə olubsa, olub, heç kimdən incik deyiləm"

Premyer Liqanın 9-cu turunda “Qəbələ”yə qarşı keçirilən oyunda vurduğu qolla “Səbail”ə 1:0 hesablı qələbə qazandıran Rüfət Abdullazadə sualları cavablandırıb.

Sportinfo.az 22 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir.

- Komandama qələbə qazandırdın. Vurduğun qolu necə şərh edərdin?

- Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Amma kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, komandamız qələbə qazansın. İmkan düşdü və mən də qapıya zərbə endirdim. Şadam ki, zərbəm dəqiq alındı və komandam vacib 3 xal əldə etdi.

- Necə düşünürsən, bu qoldan sonra növbəti oyunlarda səni əsas heyətdə görə biləcəyik?

- Mən həmişə öz üzərimdə işləyirəm. Məşqçi nə vaxt şans versə, dəyərləndirməyə çalışıram. Əlimdən gələni edirəm ki, komandama faydalı oldum. Lakin yekun qərarı Şahin müəllim verir.

- Oyundan sonra Şahin Diniyev mətbuat konfransında bildirdi ki, səndən bir partlayış gözləyir...

- Bunu mənə təkbətək söhbətimiz zamanı da deyib. Mən də əlimdən gələni edirəm. Məşqlərdə də dayanmadan çalışıram ki, baş məşqçimiz şans verəndə ümidləri doğruldum.

- Yayda “Sumqayıt”dan gedişin müzakirələrə səbəb oldu...

- “Sumqayıt” haqda danışmaq istəmirəm. Nə olubsa olub, hazırda “Səbail”dəyəm və burada özümü xoşbəxt hiss edirəm.

- Belə görünür ki, keçmiş klubundan inciksən.

- “Sumqayıt” öz şəhərimin komandasıdır. Mən şəhərimi çox sevirəm. Heç kimdən incik deyiləm. Başqa da nəsə demək istəmirəm.

- “Səbail” bu uğurlu çıxışını növbəti dövrələrdə də davam etdirə biləcək?

- İnanıram ki, “Səbail”in uğuru davamlı olacaq. Çünki biz təsadüfi uğur qazanmırıq. Komandamız ilk 3 turda bir qədər zəif təsir bağışlasa da, sonradan özümüzə gəldik. Ardıcıl 4 qələbədən sonra komanda tam özünə gəldi.

- İlk dövrəni 17 xalla tamamladız. Bu nəticə komandada arxayınçılıq yaratmayacaq?

- Baş məşqçimiz bununla bağlı tez-tez bizimlə söhbət aparır. Deyir ki, eyforiyaya qapılmaq olmaz. İçimizdə də belə bir qorxu yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti