Elxan Məmmədov "torba"sını tikdi, Şahin Diniyev haqqına girdi

8 Oktyabr 2023 23:00 Səbail 3 876
Elxan Məmmədov "torba"sını tikdi, Şahin Diniyev haqqına girdi

Hədəfi ilk «beşlik» olan «Səbail» Premyer Liqanın birinci dövrəsini yaxşı keçirdi.

Liderlər qrupunda məskunlaşan «dənizçilər» Qəbələ səfərindən də 3 xalla döndü.

Rüfət Abdullazadənin 90+5-ci dəqiqədə vurduğu yeganə qol qonaqlara özlərinin də gözləmədiyi qələbəni gətirdi.

Bəli, özlərinin də gözləmədiyi. «Qəbələ» o anadək üstün təsir bağışlayan tərəf idi və dfələrlə hesabı açmağa yaxın olmuşdu.

Futbolun ədalətini pozan qoldan vəcdə gələn Şahin Diniyev mətbuat konfransında özünü itirdi və bəlkə də bilərəkdən, bəlkə də bilməyərəkdən haqqa girdi.

Ondan 1 il qabaq buradan ayrılmış Aftandil Hacıyevin əziyyətini yerə vurdu, əvəzində həmkarına qarşı klubun ovaxtkı rəhbərliyinin etdiyi yaramazlıqdan bir kəlmə də söz açmadı.

Sitat: “Bu gün "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa, digər komandaların hansından soruşsaz, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Stabil komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-2-ci yer uğrunda da oynaya bilərik. Amma bu, qısamüddətli olacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tutdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Komanda var idi, klub yox idi. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq "Səbail"də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Açıq deyirəm, bu gün əgər rotasiya üçün əlində böyük materiallar olmalıdır. Kim olsa, deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa "Səbail" olacaq, o da oldu. İndi desəm ki, üçüncü yeri istəyirik, sabah deyəcəksiz ki, “bəs yol çəkirdiz, nə oldu, çəkə bilmədiz axı” (gülür).

Şahin Diniyev gərək yaddaşını qurdalasın, 2-3 ay öncə Rauf Vəliyevin ümumi iclasda verdiyi tapşırığı yadına salsın. Klubun Müşahidə Şurasının sədri demişdi ki, onun istəyi mövsümü ilk «beşlik»də başa vurmaqdır.

O, həmin vaxt rəhbərliyinə «yox, mən bu məqsədi yerinə yetirə bilmərəm» söyləməyib. Odur ki, indi medianın önünə çıxıb, «söz oyunu» oynamağın yeri yoxdur.

Avrokuboklara vəsiqə qazansalar, hər şey onun üçün daha yaxşı olacaq. Vəsiqə qazanmasalar belə, turnir cədvəlinin ekvatorunda qərar tutmaq da Diniyevi postunda saxlayacaq.

Axı söz danışıqdan keçər. İnanmırıq ki, Rauf Vəliyev sezonun əvvəlində dediyi sözü üstündən 10 ay keçəndən sonra unutsun.

Keçək əsas məsələyə. Diniyev bu gün deməsə də, bilirik ki, o, illər əvvəldən «Səbail»i «sıxıb». Həmişə bir gözü burada olub.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov onu bu kluba gətirmək üçün dönə-dönə AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun qapısını döyüb.

E.Məmmədov isə sona kimi gözlədi. Gözlədi ki, Aftandil Hacıyevin «torba»sı ağzınadək tikilsin.

Hacıyev «Səbail»in tarixinə ilk bürüncü, avrokuboklara ilk vəsiqəni gətirən baş məşqçi olaraq düşüb. Onun debüt mövsümündə bunu baxarması öz bacarağının nəticəsidirsə, komandanın sonrakı illərdə iddiasını itirməsi isə həmin rəhbərliyin «zəhmətidir».

Elxan Məmmədov Rövnəq Abdullayevə nə demişdisə, o, oğlu Rəşad Abdullayevin başını qatmaq üçün yaratdığı klubun büdcəsinin azaldılmasına göstəriş vermişdi. İ

ldən-ilə də bu vəsait xeyli azaldıldı. Hacıyev orada idi, futbolçular «Səbail»in formasını geyinməyə razılıq verirdi.

Əks halda, «Səbail»dən komanda olmayacaqdı, meydança buraxmağa kimisə tapmayacaqdılar. Cüzi əməkhaqqı alan, onun da üzünü aylarla görməyən kollektivin başına Şahin Diniyev keçsəydi, guya Aftandil Hacıyevdən yaxşı nəticə əldə edəcəkdi.

Hacıyev hələ igid adamdır ki, o çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, dözdü, işlədi, bir dəfə Rauf Vəliyevi, digər şəxsləri mətbuata pisləmədi.

Cücəni payızda sayarlar, görək hələ Diniyev «Səbail»i Konfrans Liqasına daşıya biləcək?!

Ümumiyyətlə, Şahin Diniyevin haqqı yoxdur ki, hansısa həmkarının qarasınca danışsın, «bostanına daş atsın». Qapqara «Kəpəz» keçmişi var e! İllər də keçsə, o toz-torpağı üstündən təmizləyə bilməyəcək.

Hacıyevə vurğu yapıb, «yadınızdadır da…» deməsin bir daha. Hər şey yaxşı yadımızdadır, Diniyev, çox yaxşı yadımızdadır…

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti