“Demişdim ki, qorxmuram"

7 Oktyabr 2023 19:20 Səbail 588
“Demişdim ki, qorxmuram"

Sportinfo.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 9-cu turunun "Qəbələ" ilə (0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Çətin oyun oldu. Komandanın ilk hissədə nəfəs almaq problemi var idi. Futbolçular qaça bilmirdi. Problemlərimiz çox idi. Komandam ağıllı futbol oynayaraq, qol epizodunu gözləyib kiçik epizoddan uğurla çıxdı. Hər bir futbolçuma təşəkkür edirəm. İlk dövrə bitib. 9 tura belə nəticəni heç kim gözləməzdi, heç özüm də. Futbolçular xarakter göstərdi. "Qəbələ" oyun baxımından çox artırıb. Yaxşı oynayırlar. Anlayırdıq ki, "Qəbələ" hücumda daha kreativ oynamağa, daha çox hücum etməyə çalışacaq. İki-üç qol epizodumuz var idi, istifadə edə bilərdik. Heç-heçə də ədalətli nəticə olardı. Amma hansı komanda udsaydı da, ədalətli alınardı. Hər iki komanda qələbəyə layiq oynadı. "Qəbələ"yə uğurlar arzulayıram.

- Qalib gəlsəniz də, rəqibə çox qol epizodu verdiniz. Bu sizin üçün siqnaldır?

- Bəli, boşluqlar var idi. Qəbələdə oynamaq çox çətindir. Hava şəraitinə görə futbolçular qaçmaqda çətinlik çəkirlər. Nəfəs almağı nəzərdə tuturam. Əvvəlki oyunlarda həmin boşluqlar olmayıb, bu gün varsa, demək ki, təsadüfdür. "Qəbələ"nin futbolçuları fərdi keyfiyyətlər baxımından çox güclüdür. Razıyam ki, boşluqlarımız olmamalı idi. Ancaq oldu. Səbəblərini də qeyd etdim.

- Avrokubok hədəfləriniz böyüyür?

- Bu gün "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa digər komandaların hansından soruşsanız, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Stabil komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynamaq olar. Amma bu, qısamüddətli alınacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq "Səbail"də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Açıq deyirəm, bu gün rotasiya üçün əlində geniş heyət olmalıdır. Pedro Nunes yox idi, onun əvəzinə həmin mövqedə olmayan biri oynadı. İki Pedro olmalıdır ki, rahat rotasiyalar edək. Kim olsa deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, liqada qalacağıq, qaldıq. Bildirmişdim ki, yeni sezon başqa "Səbail" olacaq, alındı. İndi desəm ki, üçüncü yeri istəyirik, sabah deyəcəksiz ki, "bəs yol çəkirdiz, nə oldu, çəkə bilmədiz axı"(gülür)

- İlk yarıda ən zəif oyunlarınızdan birini oynadız. Gözlənilirdi ki, əvəzetməyə gedərsiz, getmədiz. Səbəbi nə idi?

- Soruşdum ki, niyə belə oynayırıq, niyə topu saxlaya bilmirik? Hamısında qaça bilməmək problemi var idi. Təsəvvür edin, start heyətində meydana çıxanlarda ikinci nəfəs açılmaq üzrəydi. Ona görə, eyni oyunçuları saxladım. Prosesi görərək, özümüz "Qəbələ"ni ortada qarşılamağa qərar verdik. Belə oyunda yaxşı pleymekerin olması vacib idi. Daha çox psixoloji oyun gedirdi.

- Nəticəni əldə etmək çətindirsə, onu saxlamaq da çətindir. Bu, sizi qorxudur?

- Bəli, qorxudur. 1-2 turdan qabaq demişdim ki, zirvəyə qalxmaq çox asandır. Hansısa yollarla, gizlin yollarla qalxa bilərsən. Amma zirvədə qalmaq çox çətindir. İkinci hissədə hətta "Qəbələ" də sanki heç-heçəyə razılaşmış kimi oynayırdı. Hamı bizi artıq ciddiyə alır. Eyforiyaya qapılmamaq lazımdır. Çox çalışmalıyıq. Üçüncü turdan sonra demişdim ki, qorxmuram. Çünki bilirdim ki, oyunumuz var. Türkiyədəki hazırlıq zamanı "Konyaspor", "Sivasspor"la görüşlərdə futbolçularımı görmüşdüm. Mənə 5-6 oyun lazım idi ki, komanda relsə düşsün. Komandama inanırdım, amma bu qədər uğurlu nəticə olacağını gözləmirdim. Liderlərlə başabaş oynamağa çalışırıq. "Qarabağ"la matçda geridönüş etmək çox çətindir. Oyunumuz var. Ən pisi təsadüf qələbələrdir. Xallarımızın heç biri təsadüfi olmayıb. "Zirə"yə, "Sumqayıt"a da uduzmaya bilərdik. Amma bir şey var ki, "Qarabağ"ı da udmaya bilərdik. Futbol buna görə gözəldir ki, proqnozları sevmir.

- Rüfət Abdullazadənin vurduğu qol "Səbail"dəki gələcəyinə necə təsir edəcək?

- Rüfət çox tərbiyəli, yerini bilən biridir. Futbolçu kimi də potensialı böyükdür. Onu da açmağa çalışıram. Gözləyirəm, hardasa "partlamalıdır". Heyəti məşqlərə görə qururam. Rüfətin geri qayıtmaqla bağlı problemi var. Amma indiki futbol onu tələb edir ki, irəli gedirsənsə, o sürətlə də geri qayıtmalısan. Bayaq dediyim "partlayış"ı tezləşdirməlidir. Məşqlərdə ondan razıyam. Yaxşı futbolçu olacaq.

- "Sumqayıt"dan intizamsızlığa görə uzaqlaşdırıldığı deyilir...

- İnanmıram. Rüfətin kim olduğunu bayaq dedim.

Digər Xəbərlər
Xəbər Lenti