COP29

Şahin Diniyev: "Buna dözmək lazımdır"

19 Avqust 2023 23:10 Səbail 754
Şahin Diniyev: "Buna dözmək lazımdır"

Sportinfo.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 3-cü turunda "Zirə" yə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan danışıb.

- Gərgin oyun keçdi. Əsl Premyer Liqaya layiq matç idi. Birinci hissədə "Zirə", ikinci hissədə biz üstün olduq. Oyunun ən yaxşı nəticəsi heç-heçə idi. Hər iki komanda buna layiq idi. "Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. İlk yarıda oyunumuz alınmadı. Fasilədən sonra alınmağa başlayırdı. Yenə asan qollar buraxdıq. Üç oyunda eyni səhvlər, eyni asan qollar... Komanda düz yoldadı, oyundan-oyuna artım var, öz oyunumuzu tapacağıq. Birdən-birə 8-9 yeni futbolçu gəlib, zamana ehtiyacımız var. Amma o qədər çox yox, kiçik zamana. Məncə, 4-5 turdan sonra komanda sistemə oturuşacaq, öz oyununu oynamağa çalışacaq. Futbolçularıma təşəkkür edirəm, mübarizə apardılar, ən yaxşısını etməyə çalışdılar, əsasən də ikinci hissədə ağıllı oynadılar. Gələcək matçlarda bu səhvləri yığışdırıb, minimuma endirərək, qələbə qazanmağa çalışacağıq.

- Razılaşarsız ki, bu gün "Səbail"in ən "yaralı" yeri müdafiə xəttidir?

- Deməzdim. Müdafiə səhv buraxmadı. Buraxılan qollara, faktlara baxanda, hə, belə görünə bilər. Amma deməzdim ki, futbolçular zəifdi. Sadəcə rəqiblər kiçik səhvimizdən maksimum istifadə edirlər, biz isə edə bilmirik. Mənə elə gəlir ki, müdafiəçilərimiz səviyyəlidir. Anlaşma o dərəcədə deyil. Oyundan-oyuna daha yaxşı olacaqlar.

- Transfer etmək fikriniz var? Ehtiyat skamyada meydana çıxıb oyunun taleyini dəyişəcək, böyük hədəflər uğrunda mübarizə aparacaq futbolçularınız yoxdur...

- Düz deyirsiz. Biz yolun başlanğıcındayıq, bunu addım-addım etməliyik. Birdən-birə 14-16 legioner gətirmək planda yoxdur. Legionerlərimiz pis deyillər, daha yaxşı olacaqlar. Futbolçu qıtlığı var, amma ehtiyatda oturan hər oyunçuya inamım var. Sadəcə bu gün oyun elə gedirdi ki, rotasiya etməyin yeri yox idi. Hücumdakı oyunçular müdafiəyə bağlı çox iş gördülər. Ona görə hücumda daha fəal olmağa gücləri qalmadı. Gələn oyunda irəlidə daha fəal olacaqlar.

- Yadin Luqasini əvəzlədiniz. Əvvəlcədən planınızda var idi?

- Meydanın ortasında oyunumuzu itirmişdik, futbolçular bir-birinə yaxın oynamırdı. Pana və Yadinin bir-birini yaxşı anlamaması, birinin "düşüb", digərinin "qalxması" vacib idi. Ancaq eyni zamanda ikisi də "düşürdü", ikisi də "qalxırdı". Ortada çox boşluq verirdik. Ona görə ilk yarıda oyunumuz tam getmədi. Dəyişiklikdən sonra ortadakı boşluqlar yığışıldı. Oyunun 15-ci dəqiqəsində artıq əvəzetməyə əl atmaq istəyirdim. Sadəcə Yadinə bir az da şans verdim, o da qol vurdu. Amma oyun sistemi pozulmuşdu, onu düzəltmək üçün əvəzetməyə getdik.

- Növbəti oyununuz səfərdə "Turan Tovuz" a qarşıdı. Bu matçdan gözləntiniz nədir?

- Gözləntilərim pozitivdir. Rəqib yaxşı komandadır, altı xal toplayıb. Onlar da tam formada deyil, bu sarıdan bizə bənzəyirlər. Amma xal ehtiyatları var deyə, daha rahatdılar, evdəki ilk matçlarıdır. Azarkeşlər tərəfindən təzyiq olacaq. Buna dözmək lazımdır. Tovuzdan uğurlu nəticə ilə qayıtmaq üçün şansımız var.

Digər Xəbərlər
Xəbər Lenti