COP29

Cənab Diniyev, Premyer Liqa AFFA-nın binasından göründüyü qədər "hazır yem" deyil!

13 Avqust 2023 16:30 Səbail 1 920
Cənab Diniyev, Premyer Liqa AFFA-nın binasından göründüyü qədər "hazır yem" deyil!

Yay fasiləsində sökülüb-yığılan kollektivlərdən biri də "Səbail" oldu.

Nə az, nə çox 13 futbolçu ilə yolları ayıran Bayıl təmsilçisi elə o sayda futbolçu ilə gücləndi.

Hələ yenilərin gəlməsi üçün qapılar açıqdı.

Ümumiyyətlə, bu klub yayın ən aktiv komandası oldu deyə bilərik. Əksər klublarımızdan erkən Bakıda yığıldılar, yerli transferləri qısa müddətdə bitirdilər və daha erkən də Türkiyəyə yola düşdülər.

Elə əcnəbi futbolçuların gəlişi də çox zaman almadı. Təbii ki, bütün bunlar böyük maliyyənin başında dayanır.

Rəhbərlik baş məşqçi Şahin Diniyev nə deyibsə hamısana "OK" cavabı verib.

Açıq-aşkar görünür ki, məqsəd avrokuboklara getməkdir. Görünür, onları bu xüliyaya baş məşqçi inandıra bilib.

Amma startdaca "Sumqayıt"a 1:4 hesabla darmadığın olmaq hədəfə iri ləkə salmış oldu.

Elə Premyer Liqanın birinci turundaca məlum oldu ki, Diniyevlə Bakı Olimpiya Stadionunda hazırlıq keçməyə getmək olar, komandanı Türkiyəyə toplanışa da onunla yola salmaq olar, lap kisənin ağzını açıb kartof kimi legionerləri Səbailə daşımaq da olar, amma ciddi uğurlar qazanmaq əsla olmaz!

Futbolda məğlub olmaq olar, daha belə də yox.

Rəqib hələ nə "Qarabağ" idi, nə də "Neftçi".

Söhbət Türkiyə toplanışına son anda gedən, orada cəmi 2 matç keçirən, hazırlığın birinci mərhələsini 10-12 futbolçu ilə yola verən "Sumqayıt"dan gedir.

Cəhənnəm, yenə göstərilən oyun ürəkaçan ola, deyəsən, əşşi bir işdi alınmadı, uduzdular.

Hakimin start fitindən başlayaraq meydanda diqtə edən tərəf qonaqlar idi. Ötən mövsüm süni meydan heç olmasa "Səbail"in dadına çatırdı. Rəqiblər açıq-aşkar görünürdü ki, burada əziyyət çəkir.

Bu dəfə Samir Abasovun yetirmələri "ASCO Arena"da özünü suda balıq kimi hiss edirdi.

Sanki bu komanda 10-12 günə yığılmayıb, 5-6 ayın məhsuludur. Məşqçi işi o qədər gözə girirdi.

Diniyevin drujunası isə ümidin bağlamışdı uzaqdan zərbələrə. Bir dəfə Qomes bunu bacardı. Bəs sonra? Bu ümidlə də uzun yola çıxmaqmı olar?

Görünür, təcrübəli mütəxəssis hələ də Premyer Liqaya AFFA-nın binasından gördüyü gözlə baxır.

Ayılın, Şahin müəllim. Liqa kənardan göründüyü qədər "hazır yem", yetişən gənc məşqçilərimiz isə bəzilərinizin düşündüyü kimi savadsız deyil.

Samir Abasovun timsalında çox yaxşı gənc məşqçilərimiz var. Onlar istənilən şərtlərlə ortaya yaxşı məhsul çıxarmağı bacarırlar.

Ayılıb bu həqiqəti görməsəniz, sonra çox gec ola bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti