
“Səbail” ötən il heyətinə qatdığı futbolçunun xidmətindən yararlanmır.
Mahmud Qurbanovun dönəmində komandaya cəlb olunan Tural Bayramlı ötən mövsümün gedişində əsas komandanın məşqlərindən kənarlaşdırılıb.
Daha doğrusu, bir neçə oyunda şans qazanandan sonra aldığı qırmızı vərəqələrə görə Qurbanovun qəzəbinə tuş gəlib.
2022-2023 mövsümünün ikinci yarısında əvəzedici komandada çıxış edən 25 yaşlı yarımmüdafiəçi çempionat başa çatandan sonra gözə dəymir.
Şahin Diniyevin əsas komandada gərək duymadığı futbolçu bu yay heç “Səbail-2”nin də məşqlərində də iştirak etmir.
Ötən futbol ilində aylıq 6 min qazanan, bu ildən müqaviləsində 7 min manat nəzərdə tutulan (2 il üçün 130 min manat) Bayramlının maaş aldığı klubun işinə yaramaması danılmaz faktdır.
“Dənizçilər” onunla necə və hansı yolla dil tapacaq, özlərinin biləcəyi işdir. Bizim bildiyimiz odur ki, klubdan 130 min manat alan futbolçunun “Səbail”ə xeyri dəymir.
Və beləcə, futbola ayrılan pullar "havaya sovrulur".
HƏBİB / SPORTİNFO.AZ