“Səbail”in baş məşqçisi Şahin Diniyevin adı yenə xoşagəlməz hallarla yanaşı çəkilməkdədir.
Deyəsən, futbolçu transferləri onun “ən yaralı yeri” olaraq qalmaqdadır.
Vaxtilə “Kəpəz”də maaşlarına göz dikməsi, hər birindən özünə “pay” götürməsi yönündə mətbuatda çıxan xəbərlər hələ yaddaşlardan tam silinməyib.
Və belə görünür, Diniyev köhnə şakərindən imtina etməyə heç tələsmir. Menecer Kamran Şahverdiyevin sosial şəbəkə hesabında yazdıqları bizə bu cür düşünmək üçün əsas verir.
Deməli, "dənizçilər" Madaqaskar millisinin hücumçusu Aleksandr Ramalinqom ilə 1 illik müqavilə imzalayıb.
Bundan sonra Şahverdiyev Bayıl klubunun ünvanına sərt ittihamlar səsləndirib. O, “feysbuk”da bunları yazıb:
"Heç kimin xəbəri olmayanda, 2022-ci ilin yayında bu oyunçunu "Səbail" və "Zirə"yə təklif etmişəm. Futbolçunun mandatı da bu ilin iyununun sonuna qədər məndə idi.
Mahmud Qurbanov onu bəyənmədi, Şahin Diniyev qışda gələndə bir də təklif etdim, yenə "yox" dedilər.
İyun ayının 14-də - ən son o vaxt Şahin Diniyevin köməkçisi ilə sırf bu oyunçu barədə söhbətimiz oldu.
Lakin yenə klubdan müsbət cavab gəlmədi. Üstündən 1 ay keçir, başqa menecer vasitəsilə bu futbolçunu "Səbail"ə gətirirlər.
Üzr istəyirəm ifadəmə görə, sizin olmayan... Belələri ilə Azərbaycan futbolu qətiyyən qabağa gedən deyil.
Ona görə də mən daha Azərbaycan futbolundan çəkilirəm. Şərəfsizlərdən 1 qəpik qazanmaqdansa quru çörək yeyərəm, daha yaxşıdır".
Şahverdiyev bu işdə ziyana uğrayan yeganə şəxs deyil. Menecer kimi fəaliyyət göstərən milinin sabiq futbolçusu İlqar Qurbanov da oxşar situasiya ilə üzləşib.
Belə ki, onun xidmətini “Səbail”ə təklif etdiyi legioneri Diniyev sonradan başqa bir agentin vasitəsilə Azərbaycana gətirmək fikrinə düşüb.
Arxasından iş çevrilməsindən xəbər tutan İ.Qurbanov klubun yeni icraçı direktoru Firuz Abdulla ilə əlaqə saxlayıb, hadisə barədə ona öz fikrini söyləyib.
F.Abdulla vasitəsilə Ş.Diniyevə “Səbail”i ovatki “Kəpəz”ə çevirməsin, mən buna imkan verməyəcəm” çesajı göndərib.
Daha sonra baş məşqçinin özü Qurbanova zəng açıb, Türkiyədə legioner həyatı yaşayan əcnəbinin menecerlik hüququnun onda olmasını bilmədiyini iddia edib, və üzrxahlığını dilə gətirib.
Şahin Diniyev 2017-ci ilin noyabrında maliyyə qalmaqalına görə "Kəpəz"dən ayrılmışdı.
Dövrü mətbuat onun həmin vaxt bəzi klub rəsmiləri ilə əlbir oalaraq, AFFA tərəfindən ayrılmış büdcənin “başına dağ saldığını” yazıb.
SPORTİNFO.AZ

