“Səbail” rəhbərliyi əsas komandanın aparıcı üzvlərinə 7 min manat mükafat verib.
Bunun 5 min manatı Premyer Liqanın sonuncu turunda “Şamaxı” üzərində əldə olunan qələbəyə görədir, əlavə 2 min isə elitada qalmağın mükafatı.
Rəqib “Qarabağ”, “Neftçi”, “Sabah” olsaydı, 5 mini hardasa başa düşmək olardı. “Şamaxı”nı udmağa görə bir ətək pul paylamağın adı nədir?
Əvvəla, “Səbail”in futbolçularına mükafat vermək yox, komandanın gələcək taleyini son tura saxladıqlarına və mövsümboyu turnir cədvəlinin “quyruğunda” yer aldıqlarına görə maaşlarından pul tutmaq lazım idi.
10 milyona yaxın büdcən ola, ilboyu 10-dan artıq legionerin xidmətindən yararlanasan, paytaxtda, hər cür şəraitə malik stadion-bazan ola və sən elitada qalmaq uğrunda “Şamaxı” kimi imkansız, yerli futbolçulardan qurulmuş bölgə klubu ilə mübarizə aparasan.
Belə olan halda pul verilmir, cərimə kəsilir, bəylər.
Görünür, “Səbail”in yüksək dəstədə qalması rəhbərlikdə təmsil olunanlar üçün bayram sayılıb. Çünki, komandanı elitanı tərk etsəydi, sponsorlar büdcəni dağıdanları çarmıxa çəkəcək, “dərilərini soyacaqdı”.
Futbolçuların həmin şəxsləri çətin vəziyyətdən çıxarıb, növbəti mövsüm üçün yenə iş başında olmalarına şərait yaratdıqları üçün top dalınca qaçanlara mükafat paylanıb.
Daha çox şans qazananlara 7 min, nisbətən az oynayanlara məbləğin 75 faizi, yəni, 5250 manat. Ehtiyatda oturub “papağını günə verənlərə” 3500 manat.
Bu cür “səxavət”in adının biabırçılıq və saxtakarlıq olduğunu “Səbail”dəki əsas söz sahibləri anlamır.
HƏBİB / SPORTİNFO.AZ

