“Səbail” rəhbərliyi sabiq icraçı direktoru Fərəc Əliyevlə bağlı yeni qərar verib.
Iyunun 10-da vəzifəsindən istefa verən funksioner müvəqqəti idarəçilikdən də uzaqlaşdırılıb.
Həmin vaxt klubdan verilən açıqlamada iddia olunurdu ki, o, qərarını Müşahidə Şurasının iclasında elan edib. F.Əliyev bunu komandanın ötən mövsüm uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirib:
“Lakin razılığa əsasən, yeni icraçı direktorun təyinatına qədər o, vəzifənin icrasını müvəqqəti yerinə yetirəcək”.

“Səbail”in başbilənləri indi buna da ehtiyac görməyib. Əliyevə sadəcə təhvil-təslim prosesini tezləşdirmək tapşırılıb.
Belə bir vaxtda “Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) baş sponsoru olduğu “Səbail”də qəfil yoxlamalara başlayıb. ASCO Bayıl təmsilçisinə audit qripu göndərib.
Maliyyə təhqiqatı klubun bütün sahələrini əhatə edir. Araşdırmaların iyunun sonunadək başa çatdırılması nəzərdə tutulub.
Himayədar təşkilatda “dənizçilər”ə ayırdığı vəsaitin istiqaməti üzrə xərclənməməsinə dair ciddi şübhələr yaranıb. Bununla bağlı ASCO-ya müxtəlif mənbələrdən müəyyən informasiyalar daxil olub.
Fərəc Əliyevin icraçı direktor postundan istefa verməsi həm də bu proseslə əlaqədardır.
ASCO 2016-ci ildən – klubun yarandığı dövrdən burada çalışan funksionerin ötən müddətdəki fəaliyyətini hərtərəfli yoxlamağı lazım bilib.
SPORTİNFO.AZ

