Hələ 3 ay öncə yaydığımız xəbər dünən reallığa çevrildi.
“Səbail”in Müşahidə Şurasının növbəti iclası keçirildi və icraçı direktor Fərəc Əliyev istefaya getdi.
Guya adını çəkdiyimiz şəxs ötən mövsüm “Səbail”in bir o qədər də uğurlu çıxış etməməsini əsas gətirərək, tutduğu vəzifədən istefa verdiyini bildirib və Müşahidə Şurası bunu qəbul edib.
Yeni icraçı direktorun təyinatına qədər qeyd olunan vəzifənin icrasının müvəqqəti olaraq Fərəc Əliyev tərəfindən həyata keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.
"Səbail" Premyer Liqada 2022-2023 mövsümünü 29 xalla 9-cu pillədə başa vurub. Bu istefanın nəticələrlə bağlı olması bəhanədir, gözdən pərdə asmaqdır.
Ona qalsa, Əliyev gərək 1-2 il qabaq Bayıldan gedərdi. İcraçı direktor öz xoşuyla ayda 5000 manat maaş aldığı iş yerini tərk etməyib.
Sadəcə, ərizə yazmağa məcbur olub. Çünki Şahin Diniyev rəhbərliyi seçim qarşısında buraxıb - ya mən, ya o da…
Fərəc Əliyevi 6 il qabaq «Səbail»ə Elxan Məmmədov gətirib. AFFA-nın ovaxtkı baş katibi kurasyiasındakı klubu yaxın tanışına tapşırıb və bu münasibətlər indinin özündə də davam edir.
«Elxanın adamı» kitmi tanınmaqdan çəkinməyən «Farik» burada baş verən proseslər barədə onu daim məlumatlandırıb.
Hazırda FİFA-nın Paris ofisində əyləşən Məmmədov axırıncı saniyəyə kimi çalışıb ki, o, «Səbail»də qalsın.
Bu məqsədlə klubun baş sponsoru olan «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) bir sıra önəmli fiqurları ilə əlaqə saxlayıb, Əliyevin lehinə fikirlər söyləyib.
Əslində, adam icraçı direktoru ən geci mayın sonunda tərk etməli idi. Diniyev həmin vaxt rəhbər şəxslərlə görüşərək, gələcək planlarını açıqlayıb, eyni zamanda, Fərəc Əliyevlə işləmək istəmədiyini bildirib.
Baş məşqçi o toplantıdan sonra müalicə almaq üçün Yesuntikiyə yollanıb və iyunun 14-də geri dönüb. Qayıdan kimi Əliyevin məsələsini yenidən qaldırıb və əlindəki faktları ortaya qoyub.
İcraçı direktorun ötən 6 ay ərzində onun əleyhinə yönəlik fəaliyyətinə dair misallar çəkən çalışdırıcı «o, buradan getməsə, heç bir uğur əldə edə bilməyəcəyik, işimizə çox mane olur» söyləyib.
SPORTİNFO.AZ

