“Səbail”in icraçı direktoru Fərəc Əliyev vəzifəsindən istefa verib.
O, Müşahidə Şurasının iclasında qərarını bəyan edib.
Rəsmi açıqlamada göstərilir ki, F.Əliyev bunu komandanın ötən mövsüm uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirib və istefası qəbul olunub.
Lakin razılığa əsasən, yeni icraçı direktorun təyinatına qədər o, vəzifənin icrasını müvəqqəti yerinə yetirəcək.
Baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda komandanın 2023/2024 mövsümünə hazırlığı ilə bağlı planlar da müzakirə olunub.
«Farik» ləqəbli icraçı direktorun gedişini Diniyevin qələbəsi kimi qəbul etməliyik. Onun 6 ilə yaxındır çalışdığı Bayıl təmsilçisindən ayrılması baş məşqçinin istəyidir.
Hələ mayın sonunda rəhbərliklə keçirdiyi görüşdə bildirmişdi ki, əgər Əliyev vəzifəsində qalacaqsa, onunla işləməsi çətin olacaq.
Ötən ilin dekabrında «Səbail»in sükanı arxasına keçmiş mütəxəssis iddia etmişdi ki, icraçı direktor işə başladıqları ilk günlərdən onun əleyhinə fəaliyyət göstərib, komandanın daxili işlərinə qarışıb, futbolçularla arasında təfriqə salıb, beləcə, ab-havanı korlayıb.
Diniyevin söylədiklərinin böyük qismi həqiqətdir. «Farik» həqiqətən onunla çalışmaqda həvəsli olmayıb.
Bu da məlumdur ki, o, bu təyinatın əleyhinə çıxıb, kollektivin əcnəbi baş məşqçiyə tapşırılmasına səy göstərib. Daha sonra - fevral ayından etibarən bəzi məşqçilərlə söhbətlər aparıb,
Diniyevin keçdiyi məşq prosesini gizli sürətdə videoya çəkdirib, hazırlıq prosesinin normal getməməsi barədə ASCO-da - klubun baş sponsoru olan təşkilatın rəhbərliyində rəy yaratmağa çalışıb.
Əlbəttə, Diniyev bütün bunlardan xəbərdar idi, amma səsini tez çıxara bilmirdi. Komandanın nəticələri pis olduğundan, gözləmə mövqeyinə çəkilmişdi.
Nəhayət, Premyer Liqada yerlərini qoruyacaqları bəlli olandan sonra baş məşqçi bu məsələni təkidlə gündəmə gətirdi və bu gün məqsədinə çatdı.
SPORTİNFO.AZ

