Rəhbərlik Şahin Diniyevə güvənmir - FAKT

17 İyun 2023 23:40 Səbail 1 659
Rəhbərlik Şahin Diniyevə güvənmir - FAKT

Yay fasiləsinin ən aktiv klubunun, şübhəsiz, “Səbail” olduğunu deyə bilərik.

Bayıl təmsilçisi mövsüm bitər-bitməz Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasov, Nihad Qurbanlı, Maksim Çex, Turan Manafov və Emil Balayevlə yolları ayırdı.

Bir klubdan 12 futbolçunun getməsi təbii ki, həmin klubun “sökülüb”, yenidən “yığılması” anlamına gəlir.

Şahin Diniyev eyni vaxtda ikinci prosesi də aparır. Artıq yerlilərdən:
Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə və Səlahət Ağayev heyətə cəlb olunub.

Yəqin ki, qarşıdakı günlərdə bir qrup legioner də paytaxt klubunda öz yerini alacaq.

Kütləvi dəyiş-düyüş hardasa başadüşüləndir. Axı Diniyev bu komandanın başına qışda gətirilmişdi. Kollektivi isə ötən yay təyinat alan Mahmud Qurbanov formalaşdırmışdı.

Hər məşqçinin öz komandasını formalaşdırmasına müəyyən mənada normal qarşılana bilər.

Lakin yeni transferlərlə imzalanan müqavilələr normallıqdan çox başqa mətləbdən xəbər verir.

Belə ki, bir qayda olaraq heyətə cəlb olunan bütün futbolçularla cəmi 1 illik anlaşma əldə olunur.

Bu, futbolçulardan çox rəhbərliyin istəyinə oxşayır.

Hər halda, kisənin ağzını açan, digər klubların verdiyi maaşdan 2, bəzən 3 dəfə artıq pul təklif edən klub istəsə əməkdaşlıq müqaviləsini uzunmüddətli razılaşdıra bilər.

Bəs niyə etmirlər? Çünki sərfəli deyil, strategiyaya uyğun gəlmir.

Görünür, rəsmilər hazırkı baş məşqçiyə o qədər də güvənmirlər. Onunla uzun müddətli plan qurulmayıb.

Pis gedişatı daha çox göz önünə alırlar. Ki, sabah Diniyevlə yollar ayrılanda onun gətirdiyi futbolçuları yola salmaq da çətinlik törətməsin.

“Səbail” rəhbərliyi ötən il də oxşar gedişi Mahmud Qurbanov üçün etmişdi.

Əbəs deyil ki, mövsüm başa çatan kimi lazımlı-lazımsız bütün legionerlərlə yollar asanlıqla ayrıldı.

Gələn yay da oxşar hal təkrarlansa, qəti təəccüblənməyə dəyməz.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti