“Badalaq vuranlar”ın son qurbanı və ya bu klub kimin “oyunçağ“ıdır?

5 Mart 2023 15:00 Səbail 820
“Badalaq vuranlar”ın son qurbanı və ya bu klub kimin “oyunçağ“ıdır?

AFFA-da atmosfer o qədər mürəkkəbdir ki, kimin kimə işlədiyini anlamaq müşkül məsələyə çevrilib.

Son dərəcə qapalı şəkildə fəaliyyət göstərən bu qurumda yarandığı gündən bəri hökm sürən qeyri-peşəkarlıq və qeyri-şəffaf mühit futbolumuzu elə günə salıb ki, tamaşaçılar və azarkeşlər teleekranlardan və stadionlardan uzaq düşüblər.

Bu təsərrüfatda hər cür eybəcərliklər var - oyun alqı-satqıları, yerlibazlıq, qohumbazlıq, mənimsəmə, israfçılıq və s.

Elə bu səbəblərdəndir ki, “Qarabağ” istisna, digər komandalarımız Avropa miqyaslı turnirlərdə praktiki olaraq heç bir uğur əldə edə bilmir, yığmalarımız isə dünya reytinqində daim ikinci yüzlükdə qərarlaşıb.

AFFA nəzdində yaradılan Məşqçilər Komitəsi (MK) qarşısına uşaq futbolunu inkişaf etdirmək, klublarımızın və milli komandalarımızın səviyyəsinin artırılması üçün planlı şəkildə fəaliyyət göstərmək kimi vəzifələr qoymuşdu.

Lakin bu komitə yaranandan bəri onun fəaliyyətinin müsbət bəhrəsini görmək bizə nəsib olmayıb. Belə ki, nə uşaq futbolu inkişaf edir, nə klublarımız, nə də ki milli komandalarımız layiqli oyunu ilə azarkeşləri sevindirir.

Burada yer alanların başlıca hədəfi əslində özlərinə isti yer təmin etmək, yəni, Premyer Liqa klublarına baş məşqçi getməkdir.

Və bu hədəfə çatmaq üçün onlar (istər Vaqif Sadıqov olsun, istər Yaşar Vahabzadə, istər Şahin Diniyev və s.) istənilən manipuliyasiyalara və qeyri-etik hərəkətlərə əl atırlar.

Artıq hamıya bəllidir ki, onlar nə müxtəlif yaş kateqoriyalar üzrə keçirilən çempionatları izləyir, nə də ki orada çalışan məşqçilərin qayğı və problemləri ilə maraqlanırlar.

Uşaqlar beynəlxalq yarışlara və hətta ölkədaxili turnirlərə (məsələn, keçmiş SSRİ-də uşaq futbolunun kütləvi inkişafı üçün “dəri top” və s. turnirlərin keçirilməsi) həsrətdirlər.

1972-ci ildə 13-14 yaşlılar arasında Gəncə “Kəpəz”i, 1978-ci ildə həmin yaşda Şirvan “Xəzər”i, növbəti il isə 11-12 yaşlı uşaqlar arasında Quba “Şahdağ”ı, 1985-ci ildə isə 14-15 yaşlılar arasında Şirvanın eyniadlı komandası Ümumittifaq turnirinin qalibi olublar.

Bu da Azərbaycanda uşaq futboluna ayrılan diqqət və qayğının bariz nümunəsi idi. Halbuki bu gün biz bu barədə ancaq xəyallar qura bilərik.

Bu cür problemlərin mövcud olduğu bir dönəmdə şəxsi ambisiyalı yığınaqlı insanlardan ibarət Məşqçilər Komitəsi bizim futbolumuza lazımdırmı?

Bu qurum yaranan gündən ona Vaqif Sadıqov rəhbərlik edir. Hansı ki “uğurlu” fəaliyyətinə görə AFFA-da vitse-prezident vəzifəsinə gətirildi.

Bu odios insanın dəfələrlə baş məşqçi postunda müxtəlif klublarda və hətta milli komandada işlədiyi dövrə nəzər salsaq, onun heç bir nəticə vermədiyinin şahidi olarıq.

Lakin məsələ təkcə onun məşqçi kimi yararsızlığından getmir. Təəssüf ki, onun həm də kinli xarakteri və “badalaq vurma” xüsusiyyətləri var.

Məsələn, bir müddət əvəvəl yayılan xəbərlərə görə, onun digər məşqçi Əsgər Abdullayevlə münasibətlərinin korlanmasının maraqlı tarixçəsi var.

Hələ AZAL-da baş məşqçi işləyərkən, Vaqif Sadıqov Əsgər Abdullayevin onun yerinə gətirilməsindən sonra bu mütəxəssisə qarşı «müharibə» elan edib.

Onun mərhum Böyüyağa Hacıyevlə də probemlər yaşadığı sirr deyil.

Əgər Abdullayev Sadıqovdan millinin sükanı arxasına gətirilməsinə görə küsmüşdüsə, Hacıyevlə münaqişəsi İranda çalışdıqları dövrə təsadüf edirdi.

Əslində, belə nümunələri çox gətirmək olar. Lakin ən son hadisə ilə kifayətlənək. “Səbail”də son 2 ayda baş verənlər hamıya yaxşı məlumdur.

Amma unun pərdəarxası oyunlarından heç də hər kəs məlumatlı deyil. Bu kluba təyin olunmuş baş məşqçilər də, mütəxəssislər arasında “badalaq vuranlar” komitəsi adlandırılan bu MK-nin rəhbəri Vaqif Sadıqovun qurbanına çevriliblər.

Azərbaycan futbolundakı klublardan bəzilərini şəxsi obyektləri kimi işlədən bu komitə “Səbail”i az qala oyuncağa çevirib. Faktiki olaraq Vaqif Sadıqov ailə komandasına çevirdiyi «Səbail» barədə özünə yaxın çevrədə deyir ki, bu klubun əsl rəhbəri mənəm.

Dekabrda yeni baş məşqçi təyin etdiyi Şahin Diniyevin oğlu Kərimi də köməkçi kimi gətirən bu şəxsdir. Bu minvalla gələn mövsümdən digər oğlunu, sonradan isə əmisi uşaqlarını da, yəqin ki “Səbail”də işlə təmin edəcək.

Bu klubun əsas himayədarı «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) olduğu halda, Vaqif Sadıqov öz çirkin planlarını heç kəsə məhəl qoymadan həyata keçirməkdə davam edir.

Təəssüf ki, futbolumuza böyük zərər verən belə işlərdə ona müxtəlif vasitələrlə yardımçı olanlar da var. Komitənin üzvü Əbdülqəni Nurməmmədov əsl «xəbər aparıb-gətirmə» fəaliyyətini yüksək səviyyədə yerinə yetirib.

Əslində, bu futbol veteranı MK-nın «müthiş planları»nın həyata keçirilməsində əsas fiqurlardan biridir.

Bizdə olan məlumata görə, hələ Mahmud Qurbanovdan əvvəl “Səbail”i çalışdırmış Aftandil Hacıyev bu veteranın əməllərindən təngə gələrək, onu bazanın həndəvərinə də yaxın buraxmırmış. Buna baxmayaraq, gənc və perpektivli Aftandil Hacıyev də özünü ondan qoruya bilmədi.

Digər fiqur isə bu qurumun mətbuatla əlaqələndirici Şakir Qəribovdur. Bu şəxs Vaqif Sadıqovun “Səbail”i ələ keçirmək üçün qurduğu planın reallaşması üçün mediada xüsusi kampaniya aparıb.

Bu yerdə illərboyu milyonlar hesabına millimizə başçılıq etmiş və sonda fəaliyyəti uğrusuz dəyərləndirilən almaniyalı dünya çempionu Beri Foqtsun yığmamızın ağır məğlubiyyətindın sonra futbolumuzdakı ab-hava ilə bağlı dedikləri yada düşür.

O, bildirmişdi ki, Azərbaycan futbolunun tərəqqi etməməsinin səbəbi aramızdakı badalaqvuranlardır. Yəqin ki, elə bu səbəbdən də o, Vaqif Sadıqovu düşərgədən kənarlaşdırmışdı.

Əslində, Azərbaycan futbolunda baş verənlər bəlkə də, illərlə beynəlxalq futbol təşkilatlarının özbaşınalığı və cəzasızlıq durumundan irəli gələn bir hallardır.

Xatırlayırsızsa, illər öncə FİFA və UEFA keçmiiş prezidentləri (Yozef Blatter və Mişel Platini) kriminal fəaliyyətlərinə görə cinayət məsuliyyinə cəlb edildilər və hətta aralarında həbs olunanlar da var idi.

Bunun dünya futbol qurumunun fəaliyyətinin şəffaflığına və dürüstlüyünə nə dərəcədə təsir edəcəyi hələlik bilinmir. Lakin bir şey aydındır ki, Azərbaycan futboluna rəhbərlik edən və onu bərbad günə salanlar, onların aqibətləri barədə düşünməli və gec də olsa, nəticə çıxarmalıdırlar.

Bu, Azərbaycan futbolu üçün dünyada idmanımızı layiqli şəkildə təmsil etmək naminə son dərəcə zəruridir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"