Belə ədalət olmur, Şahin bəy!

5 Mart 2023 23:00 Səbail 581
Belə ədalət olmur, Şahin bəy!

“VAR-da böyük problemlər var. Tək bizdə yox, hər yerdə belədir.

Qol epizodları olmayan yerdə, penaltilər verirlər. Qapımıza 4-cü penalti təyin edildi.

Əgər oyunçu tullanırsa, əli avtomatik yuxarı qalxır da. Şamaxıda qapımıza verilən penaltini də xatırlayın.

Təhlükə olmayan epizodlar qolla nəticələnir. Bu da futbola olan marağı azaldır. VAR yaxşıdır, amma belə yox.

Nədənsə, bizim epizodlara VAR-da baxılmır. Bu məni narahat edir. Mən də insanam. İkili standart məni narahat edir”.

Bu fikirləri “Sumqayıt” məğlubiyyətindən (0:1) sonra “Səbail”in baş məşqçisi Şahin Diniyev səsləndirib.

Ədalətli olmaq, ədalət tələb etmək yaxşı şeydir.

Ədalət mənəvi rahatlıq, insanlar arasındakı mehribançılığın rəmzidir.

Ancaq, onu da ucuz tutmaq olmaz axı. Gərək hər addımda ədalətin olsun.

Bir işin ədalətin öz mənafeyin üçün zərərli olmasını bildiyin halda belə, gərək dilə gətirəsən.

Yox, hakim səhvi mənə yarayırsa susum, zərər edirsə coşum fikri ədaləti təcəssüm edə bilməz.

Çox uzağa getmək lazım deyil.

Elə cəmi bir tur əvvəl Bayıl təmsilçisi dogma meydanda “Qəbələ” ilə bərabərə qaldı – 2:2.

Diniyev həmin matçdakı 1 xala görə birmənalı şəkildə hakimlərə minnətdar olmalıydı.

Belə ki, onun komandasının ikinci qolundan əvvəl “Qəbələ”nin hücumu zamanı Ramon Maçadanın ara ötürməsinin qarşısını cərimə meydançası həndəvərində “Səbail”li futbolçu açıq-aşkar əllə kəsmişdi.

Azneft daiərsindən qayda pozuntusu olduğu görüən epiozada baş hakim Cavid Cəlilovin fiti susmuşdu.

Diniyevin ədalət səsi kimi.

Təcrübəli mütəxəssis matçdan sonra hakimlər mövzusunu yaxın buraxmadan yetirmələrinin parlaq oyunundan, dəyərli bir xalından uzun-uzadı danışmışdı.

Oyunun nəticəsinə birbaşa təsir edən kobud hakim səhvi ilə bağlı ona ünvanlanan suala isə belə cavab vermişdi:

Hakimlikdən narazı qalsam, özlərinə deyirəm. Bu gün onlarlıq heç nə yoxdur. Ümumi olaraq oyunu yüksək səviyyədə idarə etdilər”.

Belə ədalət axtarmaq olmur, Şahin bəy. Sizinki şəxsi çıxar, şəxsi mənfəət axtarışıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti