Yeni baş məşqçi kapitanı niyə oynamır? - Xoş təsadüf, yoxsa "incə siyasət"?

4 Mart 2023 17:00 Səbail 776
Yeni baş məşqçi kapitanı niyə oynamır? - Xoş təsadüf, yoxsa "incə siyasət"?

Deyəsən, Şahin Diniyev bu dəfə də kapitanı siyahıdan silib.

Hər halda, onun "Səbail"ə gəlişindən sonra Rahid Əmirquliyevin oynadığı gün yoxdur.

Əslində var, amma necə...

Qış fasiləsindən sonra "Şamaxı" və "Kəpəz"lə oyunlarda ehtiyatda olan təcrübəli futbolçu yalnız iddialı "Sabah"la oyunda oynamaq imkanı qazandı.

Masazır təmsilçisi ilə görüşdən sonra (0:4) "mən hansı oyunda xal qazanmaq lazımdır bilirəm" - deyən çalışdırıcı bəlkə də Masazırda xal(lar)a ümidi olmadığından Rahidə meydan vermişdi. Özü də start heyətində.

Orta xətt oyunçusu da şanssız an yaşayaraq həmin oyunda qırmızı vərəqə ilə yadda qaldı.

Sanki bu da Diniyevin ürəyincə oldu.

Sonrakı gedişat belə düşünməyə əsas verir.

Belə ki, 33 yaşlı futbolçu "Zirə" ilə oyunu cəza səbəbindən buraxdısa, "Neftçi" və "Qəbələ" ilə oyunlarda baş məşqçi yenə onu yanında otuzdurdu.

Halbuki hər iki qarşılaşmada da Rahid kimi təcrübəli simaya meydanda ehtiyac vardı.

Görünən odur ki, "Sabah" oyunu baş məşqçi üçün hələ uzun müddət qalxan rolunu oynayacaq. Futbolçu etiraz edəndə deməyə sözü olacaq.

Ki, şans verdim, meydana buraxdım, sən də qırmızı vərəqə ilə yadda qaldın.

Daha heç kim deməyəcək ki, Rahid qırmızı alanda hesab 0:3 rəqibin xeyrinə idi.

Boş yerə deməyiblər ki, Şahin Diniyev çox "siyasətçil" adamdır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti