“Səbail”in baş məşqçisi Mahmud Qurbanovu əvəzləyən Şahin Diniyevin yeni komandasındakı işləri hələ ki, yaxşı getmir.
Bayılı təmsil edən “dənizçilər” turnir cədvəlinin sonuncu pilləsində rəqiblərinə aşağıdan yuxarı baxır.
Diniyev uğursuzluqdan qurtulmaq üçün yeni çıxış yolu tapıb ki, bu vasitə ilə kollektivin qarşıdakı oyunlarda qələbələri sıralayacağına ümid edir.
Amma bu işdə sinəsini yox, köməkçilərini qabağa verir. Azər Məmmədovla Elmir Xankişiyev baş məşqçinin “baza kəşfiyyatı”nı uğurla yerinə yetirməyə çalışır.
Deməli, Diniyev Xankişiyevə qapı pusmaq göstərişi verib. Komanda bazada məskunlaşanda bu adam axşam saatlarında futbolçuların qaldığı otaqların qarşısında var-gəl edir.
Qulaqlarını otaqlarda “gəzdirir” ki, baş məşqçinin və rəhbərliyin haqqında danışılanları eşidib dostuna məruzə etsin. Bəzi futbolçular həmin mənzərənin şahidi olsa da, yaş fərqinə və müqavilə məsələsinə görə Xankişiyevin üzünə vurmayıb.
Azər Məmmədova isə nisbətən səliqəli tapşırıq verib. Onun bazadakı öhdəliyi “otaqları səhv salmaqdır”. Məsələn, Ağabala Ramazanovun qaldığı otağın qapısını qəfil açıb, səhv ünvana gəldiyini, Maksim Çexi axtardığını deyir. Bu kəşfiyyat materialında məqsəd futbolçuların həmin an otaqda hansı işlə məşğul olduğunu üzə çıxarmaqdır.
Əsasən sovet dövrünə xas olan bu cür əməliyyat tədbirlərinə müasir dövrdə ehtiyac duyulmasa da, Şahin Diniyev hələ də 30-40 il əvvəlin taktiki gedişinə müraciət edir.
Gözləyək, görək bunun meydandakı faydası nədən ibarət olacaq.
SPORTİNFO.AZ

