“Səbail”in qış fasiləsindən sonra səfər oyunlardakı məğlubiyyət seriyası davam edir.
Bayıl təmsilçisi “Şamaxı” və “Sabah”ın ardınca bu dəfə “Neftçi” səfərində məğlubiyyətdən qaça bilmədi.
İlk hissə 1, ikinci yarı 2 top buraxan Bayıl təmsilçisi sonda darmadağınla məğlub oldu.
Qarşılaşmanın fasiləsində baş verən hadisə isə daha çox yadda qalan oldu.
Belə ki, qonaqlar ikinci yarı üçün meydana çıxması suallara yol açmış oldu. Olmaya, baş məşqçi Şahin Diniyev futbolçuları ikinci yarı üçün xüsusi hazırlayıbmış? Motivasiyanı daha çox edirmiş? Belədə taktikaya, motivasiyaya baş qarışınca vaxt-vədə də keçib gedib. Ehtimallar nə qədər desən...
Amma final fitindən sonra “CBC Sport” kanalının əməkdaşı çalışdırıcıya məsələ ilə bağlı sual ünvanlayınca məsələyə aydınlıq gəlmiş oldu.
Şahin müəllim fasilədə paltardəyişmə otağının qapısının bağlandığını, açar yerinin xarab olması səbəbindən lazım olan vaxtda futbolçuların meydana qayıda bilmədiyini açıqlamasında dilə gətirdi.
Onun hadisə barədə şərhi isə sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. Düzdü, başverənlərə normal yanaşan izləyicilər də olub, amma əskəriyyət təcrübəli çalışdırıcını məsxərəyə qoymaqla yadda qalıb:
"İkinci hissə "Səbail"in qapısı artıqlaması ilə açıldı - 3:0".
"Kaş qapı açılmazdı".
"Yəqin Emil Balayevə qapını bağla deyib, o da səhv başa düşüb".
"Şahin müəllimin taktikası".
"Cənab Diniyev, Allah səni güldürsün".
"Şahin Diniyev ölkə futboluna, ancaq prikol gətirib".
"Bu Şahinə yazığım gəlir. Vaqif Sadıqov olmasa çörəksiz qalar".
XANOĞLAN / SPORTİNFO.AZ

