Diniyev "Səbail"i xilas etməyə gəlib, yoxsa "ailə klubu" yaratmağa?

18 Fevral 2023 11:40 Səbail 1 368
Diniyev "Səbail"i xilas etməyə gəlib, yoxsa "ailə klubu" yaratmağa?

«Səbail»in mövsümü necə başa vuracağı maraq doğurur.

Ötən ilin dekabrında Mahmud Qurbanovu Şahin Diniyevlə əvəzləyən «dənizçilər» Premyer Liqada dörd oyuna çıxıb - 2 qələbə, 2 məğlubiyyət.

16 xalla turnir cədvəlinin son pilləsində qalan Bayıl təmsilçisinin buradakı hədəfi bəllidir: heç olmasa, 1 sıra yuxarı qalxmaq və bununla, I Diviziona düşməkdən qurtulmaq.

Kubokdakı panorma bundan fərqlidir. «Səbail» yarımfinaldadır və finala yüksəlmək üçün «Qəbələ»ni mübarizədən kənarlaşdırmalıdır.

Bütün hallarda hər şey hazırda «Səbail»in öz əlindədir. AFFA rəhbərliyinin təkidi ilə Bayıl təmsilçisinin işə götürdüyü Şahin Diniyev qarşısına qoyulan məqsədi yerinə yetirəcəyinə şübhə bəsləmir. B

u əminlik onda o qədər güclüdür ki, indidən növbəti mövsümün planlarını cızır. Gözlənildiyi kimi, ilk hədəf yerli bazarlıqdır.

Diniyevə bu işdə oğlanları - özünə köməkçi götürdüyü Kərim və hazırda «Zirə»nin formasını geyinən Coşqun yardımçı olur.

Onlar başqa komandaların heyətində yer alan futbolçularla əlaqə saxlayır, yayda «Səbail»ə keçməyə səsləyir. İnandırmağa çalışırlar ki, «Səbail» gələn sezon daha iddialı olacaq və istənilən maliyyə şərtlərini yerinə yetirəcək.

Təbii ki. gələnlər olduğu kimi, gedənlər də olacaq. Diniyevin hazırkı heyətdən hardasa 8-9 nəfəri uzaqlaşdırmaq istəməsi barədə xəbərlər almaqdayıq.

Ümumiyyətlə, belə görünür ki, o, «Səbail»i «ailə və dost-aşna klubu»na çevirməyə hazırlıq görür. Böyük oğlu Kərim artıq məşqçi korpusundadır.

Kiçik oğlu Coşqun da maydan sonra burada olacaq.

Yaxın dostlarından Azər Məmmədovla Elmir Xankişiyevi özünə köməkçi götürüb. Qohumu Arif Əsədovun oğlu Fuad Əsədovu da qapıçılar üzrə məşqçi təyin edib.

Başqa bir qohumu - iki il öncə «Səbail»i «Qəbələ»yə dəyişmiş Məqsəd İsayevi də bura qaytarmaq istəməsi bizə məlumdur.

Day keçib, Arif Əsədovu da Bayıla gətirsin. «Neftçi»nin əsas komandasının texniki personalında çalışan bir qohumu var, çəkinməsin, ona da yanında yer eləsin.

Klub rəhbərliyində təmsil olunanların nə həddinədir ki, Diniyevə «gözün üstdə qaşın var» xatırlatması etsin?

Mahmud Qurbanovun üzünə gülə-gülə «torba»sını tikən Vaqif Sadıqov dağ kimi dayanıb arxasında. AFFA-nın vitse-prezidenti nə qədər ki vəzifədədir, Şahin bəyə dəyib-toxunan çətin tapıla.

Bir gün gələcək, məlum olacaq ki, Diniyev yeni iş tapmasına vasitəçilik etməsi münasibətilə Sadıqovun «hörmət»indən çıxıb, ya yox. Axı ikincinin pula «həssas»lığı, «əl çirk»inə sevgisi heç kimə sirr deyil.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti