“Səbail” Macarıstandan - “Uypeşt”dən Matiya Lyuyiçi transfer edib.
30 yaşlı yarımmüdafiəçi Bayıl klubu ilə artıq rəsmi müqavilə imzalayıb.
Serbiyalı pleymeyker mövsümün sonuna qədər ölkəmizdə qalacaq. Razılığa əsasən, aylıq maaşı 7000 dollar təşkil edən legionerin çıxışı qənaətbəxş olsa, sözləşmə daha 1 il müddətinə uzadılacaq.
Serbiyada “Teleoptik”in yetirməsi olan Matiya Lyuyiç karyerası ərzində “Partizan”, “Mladost”, “Jalgiris” (Litva), “Vellinqton Feniks” (Avstraliya), “Belenenseş” (Portuqaliya, “Qanqvun” (Cəbubi Koreya), “Bney Yehuda” və Hayfa “Hapoel”inin (hər ikisi İsrail) formasını geyinib.
O, 2022-ci ilin yayından “Uypeşt”də çıxış edib.
Qış fasiləsində Şahin Diniyevi baş məşqçi postuna gətirən “Səbail” Kape-Verde yığmasının forvardı David Qomisi transfer edib, Adil Nağıyevi isə icarədən qaytarıb.
İndi isə sonuncuya Diniyevin “qara siyahı“sına düşmək üçün çox vaxt lazım gəlməyib. Yeni çalışdırıcı Premyer Liqanın son 3 turunda qapısında 5 qol görən komandanın uğursuzluğunda Adili günahkar görür.
Üç rəsmi matçda iki məğlubiyyət alan Diniyev klub rəhbərliyi ilə görüşərək, kollektivdəki çatışmazlıqlar barədə öz fikirlərini bildirib, bu zaman Abşeronun keçmiş icra başçısının eyniadlı nəvəsinin adını çəkib.
O, Nağıyevin ümidlərini doğrultmadığını, «Şamaxı»dan geri qaytarmağa peşman olduğunu söyləyib, mərkəz müdafiəçisi mövqeyinə daha bir legionerin alınmasını istəyib.
SPORTİNFO.AZ

