"Səbail" Masazır səfərindən darmadağınla qayıtdı - 0:4.
Bayıl təmsilçisi Bakının göbəyindən kəndarına qədər yol qət etsə də, bir köpüklük oyun göstərə bilmədi.
Murad Musayevin yetirmələri gəzə-gəzə elə ilk 30 dəqiqədəcə vurduqları 3 qolla matçın taleyini həll etdilər. İkinci yarının ortalarında Con İrasabalın qırmızı vərəqə alması ilə azlıqda qalan meydan sahiblərinə belə qonaqlar diş göstərə bilmədi.
Kimsə tərəflərin büdcəsini, heyətini müqayisə etməyə cəhd etməsin. Cəmi iki ay əvvəl bu "Sabah"ı elə indiki "Səbail"lə Mahmud Qurbanov ölkə kubokundan kənarda qoymuşdu. Elə ölkə çempionatında da güclü rəqibi qarşısında layiqli müqavimət göstərərək "Bank Respublika arena"dan xalla qayıtmağı bacarmışdı.
Amma Diniyevin durjinası eyni məkanda çox aciz göründü. Meydan sahibləri qarşılaşmaya fırtına kimi başlayınca, qonaqlar göz açmağa imkan tapmadı. Qolları ard-arda qapısından buraxdı.
Meydanda nələr baş verdiyini anlamayan mütəxəssis əl-qolunu sallayıb, "SAbah"ın tamaşasına sona qədər özü də tamaşa etdi. Nə bir ciddi müdaxiləsi oldu, nə də xüsusi gedişi. Eyibinə kor olmaq yaxşı şeydir.
Təcrübəli mütəxəssis bunu da bacarmadı. Məğlubiyyətini normal həzm etmək əvəzinə, layiqli qələbə münasibəti ilə həmkarını təbrik etmək əvəzinə, görün, nə dedi: 2Yaradıcı oyunçu tapa bilmədim ki, irəlidə geridönüş yarada bilsin".
Halbuki ötən tur "Kəpəz" üzərində qələbədən (1:0) sonra Diniyev "Bu heyətlə nəticə əldə edə bilərik" sözlərini dilə gətirmişdi.
Deyəsən, Şahin müəllim qocalıb. Dünən dediyini bu gün unudur.
Hər halda qələbədən sonra əlindəkinə şükür edib, məğlubiyyətdə giley-güzar etməyə başqa nə ad verəsən? Şahin müəllim ağıllı adamdı. Bəlkə də bu taktika ilə paytaxt klubunda ömrün uzatmaq yolunu seçib.
Amma indi 10 il əvvəl deyil. İndi taktika yalnız meydanda işləyir. Onu da bacarana!
XANOĞLAN İMANOV

