Bəs hanı o güclü məşqçi və ya ikinci Vaqif Sadıqov

7 Fevral 2023 14:00 Səbail 1 050
Bəs hanı o güclü məşqçi və ya ikinci Vaqif Sadıqov

Yeni ildə 3 oyun, 2 məğlubiyyət, 1 qələbə - bu, «Səbail»in Şahin Diniyevin idarəçiliyində əldə etdiyi nəticələrdir.

Əslində, «Kəpəz»i udmağı da haqq etmirdilər.

Gəncəlilər Bayılda onlardan yaxşı təsir bağışlamış, çoxlu qol vəziyyətləri yaratmış, sırf bəxtsizlik ucbatından evə əliboş dönməli olmuşdular.

«Sabah» Masazırda bu yanlışlara yol vermədi, «Səbail»in arxa xəttindəki xətaları boş keçmədi. Hesabı erkən açmaları işlərini bir qədər də asanlaşdırdı.

Şahin Diniyev məşqçi kimi güclüdürmü? Bu, qətiyyən belə deyil.

Onun işi haqda bəzən səsləndirilən müsbət fikirlər var e, bunlar hamısı boğazdan yuxarı söylənən təriflərdir.

Diniyev indiyədək əsas və aşağı yaş qrupları üzrə millilərdə, «Qarabağ»da, «Terek»də, «Rəvan»da, «Kəpəz»də çalışıb, birində də ciddi nəticə əldə etməyib.

Heç etməyəcək də.

Diniyev ziddiyyətli və köhnə təfəkkürlü məşqçilərdəndir. Açığını deyim ki, adamı «mütəxəssis» adlandırmağa bəzən dilim dönmür. Vaqif Sadıqov necə «mütəxəssis»dirsə, o da ondan bir çömçə artıqdır.

«Səbail»in başında dayananlar Mahmud Qurbanova haqsızlıq etdi. Yeddi aylıq sürəc nədir ki..?

Bəli, Qurbanov seçimlərində səhvə yol vermişdi: istər köməkçi, istərsə də futbolçu baxımından. Ona zaman tanınmadı ki, bu səhvlərini aradan qaldırsın.

Amma o, «Səbail»ə baxımlı futbol oynadırdı, çəkingən taktika ilə rəqiblərin önünə çıxmırdı. «Sabah»dan cari mövsüm Masazırda xal alan ilk komanda, kubokdan kənarlaşdıran da elə «Səbail» deyildimi?

Bir də dönüb dünənki «Səbail»ə baxaq. «Sabah» Diniyevin «Səbail»in altından vurub, üstündən çıxdı.

Fısqırıq çala-çala əzib keçdilər, «uf» da demədilər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti