"Belə hesabdan sonra danışmaq çətindir" - Şahin Diniyev

6 Fevral 2023 20:50 Səbail 537
"Belə hesabdan sonra danışmaq çətindir" - Şahin Diniyev

Azərbaycan Premyer Liqasının XXI turunun "Sabah" - "Səbail" matçından (4:0) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

- Belə hesabdan sonra danışmaq çətindir. Psixoloji gərginliyi üzərimizdən ata, rahat oynaya bilmirik. Futbolçular təzyiq altındadır. Matçın əvvəlində fərdi səhvlərdən qol buraxdıq. Belə komandaya qarşı geridönüş etmək çətindir. "Sabah" hazırda Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandalardan biri, bəlkə də, birincisidir. Erkən qollar buraxdıq. Fasilədə futbolçularla danışdıq və dedim ki, oynamaq lazımdır. İkinci hissədə istədiyim futbolu görə bildim. Bu, gələcəyə nikbin baxmağa imkan verir. Belə oynaya bilsək, qarşıdakı oyunlarda yaxşı nəticə əldə etməyimiz mümkündür.

- Rahid Əmirquliyevin qırmızı vərəqə aldığı epizodla bağlı fikirləriniz nədir?

- Rahid sakit futbolçudur. Ehtiyatsızlıqdan qırmızı vərəqə aldı. İki oyunçunun da mübarizəsi var idi. İstəmədən belə bir qayda pozuntusu etdi.

- "Qarabağ"ın xal itirməsindən sonra "Sabah"ın aqressiv oynayacağı bəlli idi. Bunun qarşısını almaq haqda düşünürdüz?

- İlk dəqiqələrdə sadə və müdafiədə etibarlı oynamaq istəyirdik. Rəqibin təzyiqinin qarşısını almağı düşünürdük. Erkən qollarda fərdi səhvlərimiz oldu. Özümüz özümüzə iki qol vurduq. Heyətdə 6 itki var. Bu zaman dəyişikliklər etmək də çətin olur. Belə vəziyyətdə geridönüş etmək çətindir. Yaradıcı oyunçu tapa bilmədim ki, irəlidə geridönüş yarada bilsin.

- Premyer Liqada sonuncu yeri tutan elitanı tərk edəcək. Bu, komandanın üzərində təzyiq yaratmır?

- Oyunumuzdan çox şey asılıdır. Bu gün fasilədən sonra yaxşı oynadıq. Belə davam etsək, yaxşı nəticələr əldə edə bilərik.

- İtirilən xallardan sonra elitada qalmaq çətin olmayacaq?

- Komanda uzun müddət qələbə qazanmayıb. Bu gərginlik var. Zədəlilərimizin qayıtması komandanı daha güclü edəcək. Qısa zamandır, birlikdəyik. Tez bir zamanda hər şeyi aşılamaq çətindir. Boşluqlarımız var, onları doldura bilmirik. Legioner gətirib, yalandan otuzdurmaq da düzgün deyil. Hücumda yaradıcılıq çatışmır. Qış transfer dönəmində yaxşı futbolçu gətirmək çətindir. Son günə qədər çalışacağıq. Bir mövqe var ki, məni çox narahat edir. Son günlərdir, həll etməyə çalışacağıq.

- David Qomisin çıxışından razısız?

- Hələ tam hazır deyil. Sürəti, driblinqi var. Bu cəhətlərindən razıyam. Onu transfer etməklə düzgün seçim etmişik. Ümidlərimizi doğruldur.

- Futbolçuların ölkə kubokuna daha çox diqqət yetirdiyini düşünmürsüz?

- Bizim A planımız çempionatda qalmaqdır. Elitanı tərk edib, kuboku qazanacağıqsa, kubokdan imtina edərəm. Həm kuboka, həm çempionata eyni tərzdə yanaşacağıq.

- Müdafiə xəttində gənclərə şans verməyi düşünürsüz?

- Məşqlərə görə heyət seçirəm. Üstün olan meydana çıxır. Hazırda əsas heyətdə olanlar oynamağa layiqdirlər və start heyətdədirlər. Məşq prosesinə baxıb, qərar verirəm. Bu gün üç müdafiəçi ilə oyanamağı düşünürdüm, amma qorxduq. Anidən taktikanı dəyişmək istəmədim.

- Mahmud Qurbanovun vaxtında "Sabah"ın hər iki oyunda uduzması bu gün onlara əlavə motivasiya vermədi?

- Bu gün rəqib daha ciddi yanaşdı. Əlavə motivasiya və aqressiya ilə oynadılar. Oyunda gördüklərim bunu deməyə əsas verir. Keçmiş keçmişdə qaldı. Hardan xal götürmək lazım olduğunu bilirəm.

- Komandanızın son sıralarda yer alması sırf nəticəyə oynamağınıza səbəb olur?

- Futbol iki hissəyə bölünür. Bizim ehtiyatımız çox zəif idi. Ötən oyun "Kəpəz" bizdən yaxşı oynadı, amma qələbə qazandıq. Sual versələr ki, gözəl oyun, ya nəticə? Nəticəni seçərdim.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi