"Qazanılan xallar bizim üçün necə oynamağımızdan daha vacibdir"

6 Fevral 2023 11:40 Səbail 419
"Qazanılan xallar bizim üçün necə oynamağımızdan daha vacibdir"

“Səbail” Şahin Diniyevin rəhbərliyi altında ilk qələbəsini sonuncu turda əldə etdi.

Doğma meydanda “Kəpəz”i qəbul edən autsayder vurduğu bir qolla 3 xala sevinən tərəf oldu - 1:0.

Bayıl təmsilçisinin qol buraxmamasında böyük pay sahibi olan braziliyalı müdafiəçi Qustavo De Fransa Sportinfo.az-a açıqlamasında matçla bağlı fikirlərini bölüşüb:

“Son oyunda qalib gəlmək çox vacib idi. Çünki düşdüyümüz durumda komandamızın özünə inam qazanması və güclü olması üçün buna ehtiyacı vardı”.

Paytaxt klubu vacib qələbə qazansa da, oyunu gələcəyə ümid vermədi.

Büdcəsi, heyəti daha zəif olan rəqiblə oyunda “Səbail” komanda olaraq 90 dəqiqə müdafiə olunmaqla yadda qaldı. Qələbə gəldi, bəs yaxşı oyun nə vaxt olacaq?

Braziliyalı arxa xətt oyunçusunu dinləyək:

“Hazırda qazanılan xallar bizim üçün necə oynamağımızdan daha vacibdir. Güclü olmaq üçün vacib 3 xaldır.

İnkişaf etdirməli olduğumuz hər şeyi bilirik. Bunun üzərində hər gün işləyirik. Gündən-günə performansımız daha yaxşı olacaq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti