İş olmasa da, bəxt var

1 Fevral 2023 16:40 Səbail 637
İş olmasa da, bəxt var

Uzun müddətdən sonra Premyer Liqanın «zirzəmi»sində tərpəniş, yerdəyişmə qeydə alındı.

Turnir cədvəlinin ən aşağı qatında qonşu olan «Kəpəz»lə «Səbail»in duelindən ikincilər qalib ayrıldı.

Bu, Şahin Diniyevin yeni iş yerində ilk qələbəsi kimi tarixə keçdi.

Düzdür, tarixdə elə nəticə qalır, ancaq bəndəniz öz düşüncəsində qalır - «Səbail»də məşqçi əməyi nəzərə çarpmır.

Mahmud Qurbanovun dönəmindəkində bundan daha gözəgəlimli futbol sərgiləyirdilər. Uduzurdular, amma baxımlı oyun nümayiş etdirirdilər.

«Ən yaxşı müdafiə hücumdur» fəlsəfəsi nəticə baxımından Qurbanovun əlinə su tökməsə də, biz görürük ki, Diniyevin hesaba bağlı tərzi də təhlükənin miqyasını kiçiltməyib.

«Səbail»in arxa xətti bərbaddır, bərbad! «Kəpəz»in qaçırdığı qol epizodlarının sayını mən itirdim. Hər iki hissədə elə fraqmentləri boşa verdilər ki.. Biri toru silkələsəydi əgər, ardı gələcəkdi.

Dünən Şahin Diniyevin bəxti gətirdi. Bu, bir dəfə olacaq, iki dəfə olacaq, lap üç dəfə olacaq, amma həmişə olmayacaq.

Bağban gərək həqiqi bağban ola ki. bağ da düzəldə.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti