Diniyev Qurbanovun "bostanına daş atmaqda" haqlıdırmı?

27 Yanvar 2023 14:00 Səbail 1 061
Diniyev Qurbanovun "bostanına daş atmaqda" haqlıdırmı?

Şahin Diniyevin 5 ildən sonra Premyer Liqaya qayıdışı Şamaxıda rəsmiyyətə döndü.

«Səbail» ilk hissədə hesabı açdı, fasilədən sonra üstünlüyünü tamam itirdi, məğlubiyyəti passivinə yazdı.

Debütü qara gətirən yeni baş məşqçi mətbuat konfransında yenilgiyə böyük «don biçdi», ondan əvvəl sükan arxasında əyləşmiş Mahmud Qurbanovun «bostanına bir neçə daş atdı».

Onun «nəyi dəyişmək lazımdır ki, istədiyinizi görə biləsiz» sualı cavabına baxaq:

- İstəklərim çoxdur, amma üst-üstə düşməyənlər də var. Qış "transfer pəncərəsi"ndə heç nə edə bilmədik. Yaxşı futbolçular tapa bilmədik. Mövqelərdə problemlərimiz var. Yalnız bir transferlə kifayətləndik. İndiki futbolçulara da inamım var. 15-16 gün ərzində etdiklərimizin hamısını da ala bilmərəm. Amma birinci yarıda qığılcımları gördüm. Onu daha da inkişaf etdirmək lazımdır. Türkiyədə komandamın ifasında gördüyüm futbolu oynaya bilmədik. Komanda sanki yükün altında idi. Nə qədər onları irəli səsləsəm də, sonuncu pillədə olmağımız futbolçuları çox sıxır. Bir qələbə lazımdır ki, özünəinamı geri qaytaraq. Zamanla o da olacaq.

Şahin Diniyevin qeyri-səmimiliyi burada «bərq vurur». Məgər görəvə gəldiyi ilk günlərdə «mənə çox futbolçu lazım deyil» söyləyən, cəmi iki transferlərlə kifayətlənəcəyini bildirən o deyildi ki?

Bildiyimizə görə, klub rəhbərliyi azı 4 yeni oyunçunun alınmasına büdcə ayırıb. Təklif ediblər ki, istədiyi legionerə barmağını uzat, biz alaq.

Diniyevin «ilin, günün buvaxtında bir belə xərc çəkməyə dəyməz, bu heyət yaxşı işlər görməyə yetərlidir» cavabı verməsindən Bayıldakı düşərgədə bilməyən yoxdur.

Aylıq 12-15 min dollar əməkhaqqı ödəməyə gücü çatan «Səbail»in başına əcnəbi qəhətdir ki, hələ bir Diniyev də axtardığını tapmasın? «Heç nə edə bilmədik» sözdür heç?

Yaxud götürək «sonuncu pillədə olmağımız futbolçuları çox sıxır» açıqlamasını. Şahin bəy «Səbail»ə gələndə bilirdi bunu.

Psixoloji hazırlıq cəhətdən işinin ağır olacağı aydın idi.

Onun isə 1 aya yaxın vaxtı oldu ki, komandanın içinə ensin, qaranlıq otağın havasını dəyişsin, qapıdan içəri gün işığının düşməsini təmin eləsin.

Yaxşı, Bakıda danışmaqdan, Antalyada otel təamlarını dadmaqdan özgə nə iş görüb onda?

Mahmud Qurbanovun zamanında əvəzedici heyətə göndərilən Tural Bayramlını geri qaytarmayan yeni baş məşqçi bildirib ki, dayaq yarımmüdafiəçisi mövqeyində sıxlıqdır:

«Mən gələndə həmin mövqedə 9 oyunçu var idi. Bir mövqedə bu qədər oyunçunun olması, özü də 3-4-nün legioner olması acınacaqlıdır. Axı bir mövqedə o qədər oyunçu saxlamaq mümkün deyil. Digər mövqelərimiz boşdur, bir mövqedə bu qədər oyunçuya sahibik».

Çox gözəl. Bu, həqiqətən belədir. Ancaq bu fakt yeni üzə çıxmayıb axı. Diniyev komandanı təhvil alanda heyətə göz gəzdirmişdi və problem diqqətini çəkmişdisə, elə onda danışardı da, indi niyə danışır?

Yönətimdən «istədiyini gətir, istəmədiyini göndər» səlahiyyəti alan baş məşqçi nə üçün yanvarın əvvəlində, yəni, yeni işə start verdiyi günlərdə məlum mövqe üzrə «təmizləmə» aparmadı?

Kimi və nəyi gözləyirdi? Rəhbərliyin gözündə «mən israfçı məşqçi deyiləm» imajı yaratmaqdan, yerini şirin salmaqdan ötrü, eləmi?

«Səbail»nın Şamaxıya ilk səfəri 1:1 qurtarmışdı. Mahmud Qurbanovun dönəmindəki komanda həmin vaxt ev sahiblərindən daha yaxşı təsir bağışlamış, xeyli qol epizodunu boşa vermişdi. 1 xal qazanmamış, 2 xal itirmişdilər.

Şahin Diniyevin «Səbail»i dünənki oyunla heç 1 xala da layiq deyildi və futbolun ədaləti tabloda öz əksini tapdı.

Yeni baş məşqçinin nəfəsinin hələ komandaya toxunmadığı dəqiqdir və Diniyev, sadəcə, onu düz deyir ki, görüləcək işlər xeyli çoxdur.

Bəlkə də onun öhdəsindən gəlməyəcəyi qədər çox.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"