Aftandil Hacıyevin “Səbail“in baş məşqçi vəzifəsindən uzaqlaşdırılmasının gerçəkləri ilə bağlı yeni-yeni təfərrüatlar üzə çıxmaqdadır.
2018-ci ilin yayında görəvə gəlmiş, bu ilin mayın 13-də müqavilə müddətini uzatmış, cəmi 10 gün sonra istefaya göndərilmiş mütəxəssisin məlum qərarın verilməsindən saatlar öncə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) olduğu bilinib. ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin iqtisadi məsələlər üzrə müavini
Cəlal Fərəcli ilə görüşdüyü məlum olub. Klubun digər funksionerləri ilə birgə müavinin qəbuluna yollanan çalışdırıcı burada çox saxlanmayıb.
Ona Premyer Liqanın son turlarında məğlubiyyətləri sıralaması irad tutulub. Bildirilib ki, ard-arda gələn yenilgilər, xüsusən, «Sumqayıt»a 0:5 hesablı darmadağını həzm etmək mümkün deyil.
Komandanın istəksiz təsir bağışlamsı qeyd olunub, Müşahidə Şurasının bu məsələləri müzakirə etmək məqsədilə toplandığı və qərar verdiyi açıqlanıb.
C.Fərəcli şuranın nə vaxt bir araya gəldiyini söyləməyib, amma bildirib ki, gündəm ətrafında müəyyən dairlərlə, o cümlədən, AFFA-nın bəzi təmsilçiləri ilə fikir mübadiləsi aparılıb.
Müşahidə Şurasının üzvləri klubun idman direktoru Fərəc Əliyevə etimad göstərib. Bir neçə ildir «Səbail»də müxtəlif vəzifələrdə çalışan, 1 ildən artıqdır yeni posta keçirilən F.Əliyevin səlahiyyətləri bir qədər də genişləndirilib.
O, bundan sonra maliyyə məsələlərində də söz sahibi olacaq. Aşağı yaş qruplarında seçilən istedadlı uşaqları başqa klublara öz istədiyi qiymətə satmaq kimi.
SPORTİNFO.AZ

