“Səbail”dən baş məşqçinin gedişi ilə bağlı AÇIQLAMA

24 May 2022 18:00 Səbail 1 242
“Səbail”dən baş məşqçinin gedişi ilə bağlı AÇIQLAMA

Aftandil Hacıyevin “Səbail”dən ayrılması şok effekti verdi.

Ona görə yox ki, onun komandadan ayrılması “dənizçiləri” uçuruma aparacaq və yaxud da əvəzolunmaz məşqçi idi.

Ona görə ki, Hacıyev klub rəhbərliyi ilə növbəti mövsümlə bağlı müzakirələrdən sonra daha 1 il qalmağa “hə” demişdi və bu barədə mayın 13-də ictimaiyyətə məlumat verilmişdi.

Cəmi 10 gün əvvəl yeni anlaşmaya imza atan məşqçinin “gedirəm” deməsi və ya göndərilməsi maraq doğurmaya bilməz.

Həm şübhəli məqama aydınlıq gətirmək, həm də Aftandil Hacıyevin “Səbail”dən ayrılmasının səbəbini öyrənmək üçün Bayıl təmsilçisinin icraçı direktoru Fərəc Əliyevi aradıq.

Klub rəsmisi baş məşqçinin gedişi ilə bağlı bunları dedi:

“Bəli, Aftandil Hacıyevlə 1 illik yeni anlaşma əldə olunmuşdu və bununla bağlı saytımız vasitəsi ilə ictimaiyyətə məlumat verilmişdi.

Sadəcə, sonrakı mərhələdə fikirlər üst-üstə düşmədi deyə belə alındı. Nə demək istədiyinizi başa düşürəm. Amma futbolda bu cür fors-major hallar qaçılmazdır.

Hacıyevin gedişi ilə bağlı yalnız onu deyə bilərəm ki, klub rəhbərliyi ilə baş məşqçi arasında gedən söhbətlər zamanı yeni mövsümlə bağlı fikirlər üst-üstə düşmədi.

Belədə qarşılıqlı razılıq əsasında yollar ayrıldı. Nə rəhbərlik Aftandil müəllimi yola salıb, nə də Hacıyev özü gedib. Ümumi söhbətdən və razılıqdan sonra hər iki tərəfin qərarı bu oldu”.

2018-ci ildən “Səbail”i çalışdıran Aftandil Hacıyev bu müddətdə bayıllılara çempionatın bürünc medalllarını qazandırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti