Hacıyev hər sözü demişdi, gərək bunu da deyərdi

26 Aprel 2022 09:40 Səbail 769
Hacıyev hər sözü demişdi, gərək bunu da deyərdi

«Səbail»in baş məşqçisi Aftandil Hacıyev «Neftçi» ilə oyuna görə Rəvan Həmzəzadəni və onun briqadasını suçlayıb.

Deyib ki, hakimlər rəqibə meydanda 10 nəfərlə qalmasını hiss etdirməyib.

Düzmü söyləyib? Əlbəttə ki! Həmzəzadə «Neftçi» simpatizanı olmasını çoxdan sübuta yetirib.

Tək o deyil, Premyer Liqaya təyinat alan bir çox hakimlər ağ-qara rənglərə vurğundur.

«Neftçi»yə rəqib olan komandaların baş məşqçilərinin idarəçilikdən şikayətini az eşitməmişik. Hacıyev də bu siyahıya adını yazdırmaqla, çəkdiyi əziyyətin hədər getməsinə təəssüfünü gizlətmir.

Doğrudan da, Rəvan «Neftçi»nin 3 xala aparan yolunu rəvanlaşdırdı. O nə idi belə: «Səbail»in hesabı bərabərləşdirən qolu qeydə alınmalıydı.

Həmin epizodda Mirsahib Abbasov Kamran İbrahimova qarşı kobudluq etməmişdi, sıradan ikili mübarizə idi.

Adi oyun fraqmenti ilə kobudluğu bir-birindən ayıra bilməyən hakimdən alasan o fiti, verəsən çömçə-qaşığı əlinə, deyəsən ki, get, pitini, paxlavanı bişir.

Hacıyev hər sözü demişdi, gərək bunu da deyərdi.

Bu cür səhvlər çox oldu. Həmzəzadəyə qarşı tərəfdən kimin nə dediyini bilmirəm, amma mənə elə gəlir ki, AFFA «Neftçi»ni Premyer Liqanın gümüş medalçısı etməkdən ötrü yenidən qollarını çırmalayıb.

Səhv səhvdirsə, qoy elə bir dəfə də «Neftçi»nin əleyhinə olsun da…

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti