Azərbaycan klubu yenidən iddialı olacaq: "Bunu rəhbərlik istəyir"

11 Aprel 2022 02:50 Səbail 1 173
Azərbaycan klubu yenidən iddialı olacaq: "Bunu rəhbərlik istəyir"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 22-ci turunun "Səbail" - "Qəbələ" görüşündən sonra ev sahiblərinin baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransında iştirak edib.

- Möhtəşəm gecə idi. Həm oyun baxımından, həm də hər iki komandanın fanatlarının oyunu gözəlləşdirməsini qeyd edirəm. Çoxdandır ki, qələbə qazanmaq istəyirdik. Bu gün futbolçular hər tərəfdən rəqibdən üstün oldu. "Qəbələ" qapısı qarşısında kifayət qədər qol epizodları yaratdıq. Hər iki hissədə dominant futbol oynamağı bacardıq. Planlaşdırırdıq ki, rəqibi topsuz qoyaq. Ən başlıca planımız topa daha çox yiyələnmək idi. Şükürlər olsun ki, düşündüyümüz oyun istədiyimiz kimi alındı və qol buraxmadan qələbə qazanmağımız məni ikiqat sevindirdi. Qol buraxmadan qalib gəlmək istəyirdik. Çünki indiyə qədər kifayət qədər qol buraxmışdıq. Çempionatda ən çox qol buraxan komanda olaraq, bugünkü oyunda qol buraxmamağımız məni ikiqat sevindirdi. "Qəbələ" bu yerlərə elə-belə gəlib çıxmayıb. Qalib gəlsək də, rəqibin təzyiqi daim hiss olunurdu. Qapımızda qol epizodları yaratmağı bacardılar. Həm hücum, həm müdafiə fazasında ciddi oynadıq. Gözəl qollar vurduq. Optimal heyətlə meydana çıxa bilmədiyimiz oyunlar oldu ki, xallar itirdik. Ancaq ümumi götürsək, hər oyunda futbolçularımızın oyun planında istədiyimiz şeyləri etməyə çalışdığını görürük. Sadəcə bunu nəticəyə çevirmək çətin olurdu. Bu gün onu da bacardılar. Hər birinə təşəkkür edirəm. "Qəbələ"yə isə uğurlar arzulayıram. Qısa bir zamanda bərpa olunub, növbəti matça hazırlaşmalıyıq.

- Bu gün komanda çox istəkli idi. Əvvəlki oyunlarda bu istəyin olmamasının səbəbi nə idi?
- İstəksiz oyunumuz olduğunu deməzdim. Sadəcə oyunun gedişatından çox şey asılıdı. Bəlkə də "Keşlə"yə uduzduğumuz oyun ən istəksiz olduğumuz oyun kimi qələmə verilə bilər. Amma həmin oyunda ilk dəqiqələrdə tez qol buraxdıq, ikinci qol da tez gəldi. Futbolda belə şeylər olur. Digər komandalarda da belə hallar olur. "Zirə" "Sabah"a uduzdu, "Keşlə" "Neftçi"yə. Belə hallar hər bir komandanın başına gəlir. Deməzdim ki, futbolçularım hansısa oyunda istəksiz oynayıb. Bəli, bu gün istək baxımından futbolçularım ən yaxşı oyunlarını keçirdi. Nəinki istək, taktiki və hərtərəfli baxımdan da yaxşı idilər. Çempionatda bütün qələbələrimiz gözəl alınıb. Həm oyun, həm nəticə baxımından. Biri var nəticə qazanasan, oyun olmasın, bizdə isə ikisi yanaşı oldu.

- Demək olar ki, son 6 turda "Səbail"in əsas hədəfi "Sumqayıt"ı qabaqlamaqdı?
- Çempionatın startından mübarizə aparmaq niyyətilə başlamışdıq. Yola çıxanda bilirdik ki, çətin olacaq. "Səbail"in yaşaması üçün hər bir şəraitə razı olmuşuq. Amma şükürlər olsun ki, bu gün rəhbərimiz diqqəti artırıb. Oyuna gəlmişdilər. Onların oyuna gəlməsi də, ola bilər, futbolçuların istəyini artırmışdı. Bundan sonra "Səbail" üçün yaxşı günlər gözlənilir. Növbəti mövsüm üçün daha rəqabətli heyət formalaşdırmağımız gözlənilir. Bunu, rəhbərlik istəyir. Ancaq zaman göstərəcək ki, hansı heyət və kimlərlə davam edəcəyik, gözləmək lazımdı.

- Bugünkü qələbə ilə "Qarabağ" üzərindəki qələbədə oxşarlıq var idi?
- Oxşarlıq var idi. Amma "Qarabağ"a qarşı fərqli sistemlə oynamışdıq. Daha az səhvsiz oynamağımız oxşadı. "Qarabağ"a qalib gələndə də bu cür idi. Bu gün fərqli olan o idi ki, daha dominant oynadıq, 3 qoldan savayı 5-6 100 faizli qol imkanımız da oldu. Sadəcə onları dəyərləndirə bilərdik. Futbolçularımdan hərtərəfli razı qaldım. Amma bu bizə arxayınlıq vermir. Turnir cədvəlində qərarlaşdığımız mövqedən ən azından 1 pillə qalxmaq iimkanımız var. Çalışacağıq. Ancaq belə bir hədəf qoymamışıq qarşımıza. Hər oyuna mübarizə üçün çıxacağımıza söz verirəm.

- Belə hesabı gözləyirdiniz?
- Səmimi deyim, qələbəyə inamım böyük idi. Bilirdim ki, istədiyimiz oyunu oynaya biləcəyik. Yaxşı hazırlaşmışdıq. Amma 3:0 hesabını gözləmirdim. Həm də bu qədər qol epizodu yaradacağımızı da gözləmirdim. Çünki rəqib sıradan komanda deyildi. Ola bilər, rəqib üçün də süni örtüklü meydanda oynamaq çətinlik törədirdi. Onlar təbii örtükdə oynamağa alışıblar. Qəbələdə fərqli oynadılar. Qələbə gözləyirdim, amma böyükhesablı qələbə gözləmirdim.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi