«Əvvəl komanda ilə maraqlanan yox idi, indi isə vəziyyət tamam başqadır».
Bu sözləri «Sportinfo TV»yə açıqlamasında «Səbail»in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Bayıl təmsilçisində üçüncü mövsümünü keçirən 34 yaşlı futbolçu «Xəzər Dəniz Gəmiçiliyi»nin rəhbər şəxslərinin komanda üzvləri ilə toplantı keçirdiyini bildirib:
«Çox maraqlı bir görüş oldu. Bizimlə səmimi və açıq söhbət etdilər. Hamımız bu günü böyük səbirsizliklə gözləyirdik.
Açığını demək lazımdırsa, hətta bir ara heç nəyə ümidimiz qalmamışdı. Vəziyyət o qədər pisləşmişdi ki…
İndi isə ümidimiz birə-beş artıb. Çünki sponsor yenidən kluba diqqət yetirməyə başlayıb.
Budəfəki görüşdə o qədər yaxşı vədlər verdilər, o qədər inamla danışdılar ki… Sevincdən gözümüz böyüdü.
Dedilər ki, narahat olmayın, klub üçün nə lazımdırsa, hamısını edəcəyik. Söz verdilər ki, «Səbail» yenidən iddialı olacaq. Hətta «Qarabağ»la rəqabət aparacaq səviyyədə güclənəcək.
Mən də bildirdim ki, kaş bu görüş mövsümün əvvəlində olardı. Əgər həmin vaxt bu diqqəti görsəydik, komanda indi turnir cədvəlinin ən aşağısında olmazdı.
Yenə də bugünümüzə şükür! Əsas odur ki, «Səbail» yaşayacaq, yenidən öz iddiasını ortaya qoyacaq».

