"Səbail" Premyer Liqada uğursuz seriyanı 21-ci turda da davam etdirdi.
Bayıl təmsilçisi bu dəfə lider "Qarabağ" önündə darmadağın oldu - 1:5.
Komandanın buraxdığı üçüncü qol ciddi müzakirələrə yol açdı.
Belə ki, qonaqların müdafiəçisi Adil Nağıyev Kevin Medina ilə mübarizədə yerdə qaldı, hücumu davam etdirən "Qarabağ" Ramil Şeydayevin qolu ilə fərqi 3:0-a çatdırdı.
Amma bu epizoda görə Nağıyevi simulyasiyada qınayanlar daha çox oldu. Müdafiəçi bu haqda Sportinfo.az-a deyib:
"Həmin epizodda Medina üzümə çox pis vurdu. Amma baş hakim bunu görmədi. O anda ağrı hiss elədim.
Hücumun davamından xəbərsiz idim. Ayağa qalxanda qol olduğunu bildim. Mən simulyasiya etməyi xoşlamıram.
Allah şahiddir ki, Medina məni pis vurdu. 100 faiz əminəm ki, baş hakim epizodu görsəydi, ona birbaşa qırmızı vərəqə göstərəcəkdi.
Mən meydanda nələrsə edirəmsə, bunu mətbuatı və ya başqa nəyisə düşünüb etmirəm. Medina mənə qarşı kobud oynadı və baş hakim bunu görmədi.
Əksəriyyət niyə bunu bu qədər böyüdür? Hadisənin bu qədər şişirdilməsini başa düşə bilmirəm".
XANOĞLAN

