Şükür, Aftandil Hacıyev yavaş-yavaş biz deyənə gəlir, ağı qaradan, yaxşını pisdən ayırmağa gəlir.
Neçə vaxtdır deyirdik ki, onsuz da, iş-işdən keçib, qatar artıq gedib, yaşlı futbolçulardan imina etmək, tədricən gənclərə üstünlük vermək lazımdır.
Uduzmaq uduzmaqdır da. Elə də olanda uduzursan, belə də. Guya bu cür uduzmağın fərqi nədir ki? Məğlubiyyətin dili və ağzı hesabdır.
Kiçik hesabla da uduzsan, böyük hesabla da uduzsan, eyni şeydir. Bir halda ki, AFFA «Səbail»i bu mövsüm də Premyer Liqadan aşağı düşürməyəcək, yeni nəsilin nümayəndələrinə şans vermək düzgün deyilmi?
Hacıyev həqiqəti tam mənasıyla qəbul edib. «Zirə»dən ayrılan kimi «Neftçi» ilə gizli müqaviləyə imza atıb, gözünü Bayılda açan Rəşad Əzizlini iki turdur ehtiyata göndərib.
Baş məşqçi Adil Nağıyevə də öz yanında yer eləsə, lap yaxşı olar. Sonuncunun «Qarabağ»la oyunda etdiyi hərəkət bağışlanmazdır, özünü peşəkar sayan futbolçuya yaraşmayandır.
«Qarabağ»ın üçüncü qolundan qabaq rəqibi itələməsi azmış kimi, özünü yerə atan Nağıyev Ramil Şeydayevin hesab arasındakı fərqi artırmasına səbəbkar oldu.
Artistcəsinə simulyasiya yol verən bu müdafiəçini Rəşad Əhmədov cəzalandırmadı. Referi bəlkə də epizodu yaxşı görmədi, amma Aftandil Hacıyevin vaxtı və imkanı var ki, ona sərt üzünü göstərsin.
Tənbeh və cərimə boş şeydir, Adili bu yolla «haqq yolu»na gətirmək qeyri-mümkündür.
O cür qeyri-peşəkarlıq edənə bu cür cəza çatmaz, təsir eləməz. Beləsini gərək komandadan qovasan. Adil kimi müdafiəçinin olmasındansa, heç olmaması daha məsləhətlidir.
Hacıyevin Nağıyevə canı yanırsa, baxsın görsün, Bakı sirkində-zadda ona nə iş tapa bilir.
Ya da ki, iş saytlarının birində elan yerləşdirsin, bəlkə hansısa teatrda vakant yer oldu
. Hara gedirsə, qoy getsin. Onun yeri haradırsa, yüz faiz futbol deyil.
KAMİL

