“Səbail”in baş məşqçisi Aftandil Hacıyev futbolçularının mətbautla əlaqələrinə məhdudiyyət qoyub.
Bunun səbəbi komandanın Premyer Liqanın son 10 turunda qələbə qazana bilməməsi deyil.
Qadağa ötən tur baş verən və rəsmi “instaqram” səhifəsində yayımlanan biabırçı hadisə ilə bağlıdır.
Belə ki, "dənizçilər"in yarımmüdafiəçisi Əfran İsmayılovun "Neftçi"yə qarşı Premyer Liqanın XVIII tur matçından öncə klubun rəsmi instaqram səhifəsinə müsahibəsi zamanı komanda yoldaşı Rauf Əliyevlə düşdükləri durum ictimaiyyət və media tərəfindən birmənalı qarşılanmayıb, kifayət qədər tənqidə yol açıb.
Vidoedan da göründüyü kimi, klubun mətbuat katibi Mehriban Mürsəlova İsmayılova "Növbəti 10 turda səni və komandanı necə görəcəyik" sualı ünvanlanlayır.
Həmin vaxt oradan keçən Əliyev 34 yaşlı yarımmüdafiəçini ələ salmaq məqsədilə ilə ona "Bu barədə nə deyə bilərsiniz" sualı verir.
Özünü itirməyən İsmayılov "Mən bununla, bu futbolçularla növbəti 10 tur haqqında nə deyim? Qarşıdakı turlarda ancaq qaranlıq görürəm" söyləyərək əslində acı reallığı etiraf edib:
"İndidən proqnoz vermək olmaz. Amma son sıradan qrutulmaq üçün hər oyuna yüksək motivasiya ilə çıxmaq, xal və ya xallar qazanmaq lazımdır. Bu, bizə də, rəhbərliyə də ağır gəlir. İnanıram ki, bu durumdan çıxacağıq".
"Neftçi" - "Səbail" görüşü qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bayıl təmsilçisi 18 turdan sonra 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Aftandil Hacıyev son hadisəyə görə futbolçularla toplantı keçirib və onları tənbeh edib. Cərimə? Gözlənilənin əksinə, bu addımı atmayıb.
SPORTİNFO.AZ

