"Səbail"in hazırkı vəziyyəti ağlamalıdır.
Premyer Liqada 10 turdur qələbə nədir, bilmirlər, unudublar. Fələk bilir nə etdiyini.
Əfran İsmayılovun "Neftçi"yə qarşı Premyer Liqanın XVIII tur matçından öncə klubun rəsmi instaqram səhifəsinə video müsahibəsini izləyirsən və əmin olursan ki, futbol ədaləti sevir, məsuliyyətsizi qapısından qovur.
Karyerasının qürub çağını yaşayan yarımmüdafiəçinin komanda yoldaşı Rauf Əliyevlə düşdükləri duruma görə zarafat etməsini görürsən, sənə bəs edir. Ki, «Səbail»in niyə qara gündə olmasını biləsən.
Burada klubun mətbuat katibi Mehriban Mürsəlova ona "Növbəti 10 turda səni və komandanı necə görəcəyik" sualı ünvanlanlayır.
Həmin vaxt oradan keçən Əliyev 34 yaşlı yarımmüdafiəçini ələ salmaq məqsədilə ilə ona "bu barədə nə deyə bilərsiz" sualı verir.
Özünü itirməyən İsmayılov "Mən bununla, bu futbolçularla növbəti 10 tur haqqında nə deyim? Qarşıdakı turlarda ancaq qaranlıq görürəm" söyləyərək, əslində, istehza edir:
"İndidən proqnoz vermək olmaz. Amma son sıradan qrutulmaq üçün hər oyuna yüksək motivasiya ilə çıxmaq, xal və ya xallar qazanmaq lazımdır. Bu, bizə də, rəhbərliyə də ağır gəlir. İnanıram ki, bu durumdan çıxacağıq".
"Neftçi" - "Səbail" görüşü qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Aftandil Hacıyevin baş məşqçi olduğu komanda 18 turdan sonra 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
O, bu videonu mütləq izləyib. Özünə düşən payı götürüb-götürmədiyini isə deyə bilmərəm. Hacıyev bugünədək ən çox böyükhesablı məğlubiyyətlərdən çəkinib, odur ki, «qocalar»dan ikiəlli yapışıb, naz-qəmzələri ilə oynayıb, göz yumub.
Hacıyev «Qarabağ»da oynayarkən, İsmayılov da, Əliyev də hələ «körpə» idi, bığ yerləri yeni-yeni tərləyirdi.
Vaxt yetişdi, yaşa doldular, pullarını qazandılar, indii də «səbail»də gözlərinin «qurd»unu öldürürlər.
Başqa iş görmürlər, görmək istəsələr belə, əllərindən, ayaqlarından nəsə gəlmir. Əfran mövsümün çox hissəsini ya texniki zonada keçirir, ya da tribunada.
Nə vaxt maraqlanırıq, zədəli olduğu, müalicə kursu keçdiyi xəbərini alırıq. Raufun da hayı gedib, vayı qalıb.
Döyüşkənliyini və qaçışını itirib, meydana sürünmək üçün çıxır. Bu dəmdə gərək hər ikisi başını aşağı salsın, sussun.
Qazancları üç-beş manat olsa da, bu belə onlara çoxdur. Mənə havayı başa gəlsələr, yenə oynatmaram. Mənim toyda oynatmayacağım futbolçuları Aftandil Hacıyev «Səbail»də oynadır. Ayıbdır.
Klubun xanım press-ateşesini şəxsən tanımıram. Məlum video çəkilişdən görünür ki, o, həvəskar kadrdır, peşəkarlığı hələ öyrənməyib.
Belə qeyri-ciddi, klubun, komandanın reputasiyasına zərbə vuran videonu sosial şəbəkədə yayımlamağın adı nədir?
Normal məntiq də bunu rədd edir. Adətən, balıq başdan iylənir. «Səbail»in nə başı var, nə də…
Burada bir Fərəc Əliyev var, vaxtilə «İnter»də operator işləyib, karküzarlıqla məşğul olub. Ora-bura sənəd aparıb, sənəd gətirib.
Arada fürsəti fövtə verməyərək, özü üçün «çax-çux» etməyi də öyrənib. «İnter»də çalışmış şəxslər «Farik»i yaxşı tanıyır, işləklərindən xəbərdardılar.
Bu gün həmin bu kameraman Fərəc Əliyev olub «Səbail»in icraçı direktoru. Harada bir dost-tanışı var, onları da yığıb bu yiyəsiz kluba.
Direktorun ətrafına toplaşanlar «Səbail»i idarə etmir, ağıllarına gələni edir. Axı futbolçu da bunu görür və istər-istəməz məsuliyyət hissini itirir.
Məsuliyyət hissi itəndə də ortalığa belə bir mənzərə çıxır: Əliyev İsmayılovla məzə tutur, İsmayılov da Əliyevi lağa qoyur.
Söz var e, Allahsız yerdə otur, böyük olmayan yerdə oturma – «Səbail»in gənc(lər)i nə ibrət alsın bunlardan?
Zarafatın yerini səhv salanlar onlara çörəkpulu qazandıran Aftandil Hacıyevi əhatəyə alıb, sayğısızlıq göstərir. O üzdən, nəticələr çox uzaqdan da pis(lik) qorxuyur.
Xəzər Hikmət

