“Səbail”in baş məşqçisi Aftandil HacıyevPremyer Liqanın 16-cı turunda “Qəbələ”yə 0:2 hesabıyla uduzduqları matçdan sonra səs-küy doğuran açıqlama ilə yadda qaldı.
O, ad çəkməsə də, futbolçularını rəqibə asanlıqla təslim olmaqda suçladı:
“Bəzi oyunçuların istəksiz olması, sona qədər mübarizə aparmaması açıq sezilirdi və bu, məni təəccübləndirdi. Açığı, bu məqam bizi narahat edir. Səbəbinin nə olduğunu bilmirəm”.
Baş məşqçinin bu sözlərindən sonra əsas diqqət müdafiəçilərə yönəlir. Onlardan biri də ilk qolda səhvə yol verən Adil Nağıyevdir.
Maraqlıdır ki, Nağıyev baş məşqçinin dediklərini üzərinə götürmür və istəksiz olması fikri ilə qəti razılaşmır:
“Futbolda səhv etməmək mümkün deyil. Heç kim səhv etməsə, qol(lar) vurulmaz. O cümlədən mən. Lakin bu o demək deyil ki, istəksiz olmuşam, ya da səhvi bilərəkdən etmişəm.
Baş məşqçi kim(lər)i nəzərdə tutub, bilmirəm. Amma mən özümü o siyahıda görmürəm. Çünki rəqibindən adından asılı olmayaraq, meydanda istəyim və əzmkarlığım hesabına ən yaxşısını etməyə çalışıram.
Bəzən alınır, bəzən alınmır. İnanmıram ki, Aftandil müəllim məni nəzərdə tutsun”.
HƏBİB / SPORTİNFO.AZ

