Dar ağacından qorxmayan Hacıyevin gözlə qaş arasında qalan sevgisi

20 Fevral 2022 15:00 Səbail 835
Dar ağacından qorxmayan Hacıyevin gözlə qaş arasında qalan sevgisi

Əvvəl bədbəxtlik «Səbail»i qucaqlamışdı.

Gün gəldi, «Səbail» onu bərk-bərk qucaqlamağa başladı.

Dünənki Qəbələ səfəri də o günlərdən biri idi.

Oyunboyu həmişəkitək sakit görünən Aftandil Hacıyevin dili mətbuat konfransında «açıldı» və ilk dəfə futbolçularını «qıdıqlayan», bəlkə də onları yuxudan ayıltmaq məqsədi daşıyan bir sıra ifadələr işlətdi.

Təbii, o, barmağını hamıya tuşlamamışdı, sözünü bəzi oyunçulara ünvanlamışdı. «Qızım, sənə deyirəm, gəlinim, sən eşit» - yəni ki.

Sitat: «Bəzi futbolçuların istəksiz olmağı, sona kimi mübarizə aparmamağı məni təəccübləndirdi. Bu, bizi narahat edir. Səbəbin nə olduğunu bilmirəm. Oyuna gəldikdə yalnız ikinci hissənin ilk 20 dəqiqəsi məni razı sala bilər. Premyer Liqadan aşağı liqaya düşən olmayacaq. Komandanın istəksiz olması, futbolçuların arxayınlığı bununla bağlı ola bilərmi? Bu, motivasiyaya təsir edir. Amma sırf bu amillə bağlı olduğunu düşünmürəm. Müəyyən səbəblər var, araşdıracağıq».

Hacıyev onu hər həftə utandıranları bu dəfə sözü ilə özü utandırmaq istədi. Kim olsa, bezər bu vəziyyətdən.

Nə qədər uduzmaq olar, adam daşdan, dəmirdən deyil ki…

O gəlir, udur. Bu gəlir, udur.

Ciddiyətsizlik çox şeydən yaranır, səbəbi bir, iki olmaya bilər. Zədə və cəzalıların çoxluğu bir, maliyyə problemlərinin həllini tapmaması digər tərəfdən.

Bunlar hamısı «Səbail»in gündəlik həyatının bir parçasıdır. Lakin bunlar yeni yaranmayıb, artıq illərdir ki, «Səbail» problemlər içindədir və mövcud durum yaxın gələcəkdə düzələnə oxşamır.

Su qaba girdisə, oldu içməli – hara gəldiyini, hansı məbləğə oynayacağını öncədən bilən futbolçu əl-qolunu yanına salmalıdırmı?

Bəs onun idmançı qüruru? Hara getdi bu? Fikirləşmirlər, görürsüz.

Hacıyevin söylədikləri yaşlı yerli futbolçularla legionerlərin bostanına atılan daşdır. Ən çox da Yurgen Qoxanın. Albaniyalı müdafiəçi meydanda hər şey etdi ki, hakim onu qovsun.

16-cı saniyədə sarı vərəqə alan Qoxanı baş hakim ikinci hissənin əvvəlində bağışladı.

Cari mövsüm passivinə iki «qırmızı» yazdırmış, xeyli «sarı» almış bu legioner komandadan qovulmağı çoxdan haqq edib, amma baş məşqçi ondan əl çəkmir ki, çəkmir!

Sevənin bir gözü ağ, bir gözü qara görər. Yəqin ondandadır.

Onsuz da, sonluq bəllidir. Nə düşən olacaq, nə bir şey. «Səbail» çempionatda axırıncı yeri tutsa belə, Hacıyevi dar ağacı gözləmir.

Yaşlılardan və legionerlərdən imtina etsə, kimsə «niyə bu addımı atdız» sualı ilə qapısını döyməyəcək. Üstünlüyü gənclərə versə, başqa məsələ.

Onlara təcrübə qazandırmış olacaq, özü də biləcək ki, bu uduzmaq o uduzmaqlardan deyil.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti