«Hələ bu barədə danışmaq tezdir, gəlin, mövsümün sonunu gözləyək ».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.
Yayılan məlumata görə, Bayıl klubu 2018-ci ilin yayından burada çalışan Aftandil Hacıyevlə müqavilənin müddətini daha 1 il uzatmağı qərara alıb.
Komandanın builki nəticələri verilən qərara təsir göstərməyəcək. Bu, AFFA-nın məsləhətidir. Federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Aftandil
Hacıyevə dəstək nümayiş etdirərək, onunla işbirliyinin ən uğurlu variant olması barədə öz tövsiyələrini klub rəsmilərinə çatdırıb. Və təbii ki, onlar da bunu dəyərləndiriblər.
A.Hacıyev bildirib ki, o, işini davam etdirmək niyyətindədir:
«Bu, yalnız mənim verəcəyim qərar deyil. Son söz rəhbərliyə məxsusdur. Onlarla hələ bu barədə söhbətimiz olmayıb.
Hamı klubumuzun düşdüyü vəziyyəti bilir, çətindir. Ancaq mən yenə də ruhdan düşmürəm.
Gələcəyə ümidlə baxıram. İnanıram ki, gələn mövsümdən bizdə də vəziyyət düzələcək.
Vəzifəmiz ölkə futboluna xidmət etmək, gənclərə yol açmaqdır».

