"Səbail"in müdafiəçisi Adil Nağıyev Sportinfo.az-a açıqlama verib.
Cəza səbəbindən buraxmalı olduğu "Sumqayıt"la matç haqqında (1-1) danışan təcrübəli oyunçu komanda yoldaşlarının qələbəyə layiq olduğunu dilə gətirib:
"Mən və Nikolas Raysel müəyyən səbəblərdən qarşılaşmada iştirak edə bilmədik. Məncə, komandamız yaxşı təsir bağışladı. Birinci hissədəki oyunumuzu davam etdirə bilsəydik, nəticə daha yaxşı ola bilərdi. İkinci hissə müdafiəyə çəkildik. Bu da hesabı qorumağa hesablanmışdı. Təssüf ki, bərabərlik qolunu buraxdıq. Amma komandamız qələbəyə layiq oyun göstərdi".
Paytaxt klubu hesabda öndə olsa da qələbəni sona kimi qoruya bilmədi. Nağıyev özü də komanda yoldaşlarının müdafiəyə çəkilsə də hesabı qoruya bilmədiklərini etiraf edib.
"Bəs özün meydanda olsan necə, qələbə hesabını qorumaq mümkün olardımı" sualına təcrübəli oyunçu belə cavab verib:
"Futbolda heç kim heç nədən sığortalanmayıb. Avtaqol vuran Camal Araqo da mənim dostum, məşq yoldaşımdır. Biz bir ailəyik. Səhv edibsə, deməli, bütün komandanın bunda səhvi var. Öncəki səhvlər də qolun olmasına səbəb oldu. Özüm olsam necə olardı demək istəmir. Bilmək olmazdı yaxşı olardı, yoxsa pis. Bunu demək olmaz. Amma düşünürəm ki, qələbəyə layiq idik. İnşallah, qarşıdakı turlar daha yaxşı nəticələr qazanarıq".
XANOĞLAN

