Premyer Liqamızın MƏRD KASIBI

9 Fevral 2022 22:20 Səbail 955
Premyer Liqamızın MƏRD KASIBI

15-ci tura dünən "Səbail" - "Sumqayıt" görüşü ilə yekun vuruldu. Qış fasiləsində əcnəbi çalışdırıcı Aleksey Baqaya tapşırılan, Antalyada yaxşı toplanış keçən, heyətini Araz Abdullayev kimi milli üzvü və bir neçə yeni transferlə gücləndirən qonaqlar matça 3 xal gözü ilə baxırdı.

Ölkə kubokunda "Qəbələ"yə doğma meydanda boyun əyən "kimyaçılar" məhz bu görüşdə qələbəyə böyük ümid bəsləyirdi.

Amma sən saydığını say, gör, Aftandil Hacıyev nə sayır. Qış toplanışını Bakıda keçən, heyətini son anda yalnız qapıçı Rəşad Əzizli ilə gücləndirən Hacıyev yenə təslim olmaq fikrində olmadığını göstərdi.

Bütün problemlərə, itkilərə, çətinliklərə rəğmən gənc mütəxəssis meydana qələbə ruhlu 11-lik buraxmağı bacarmışdı. Meydanın hər qarışı uğurunda döyüşən "Səbail"li futbolçular hətta 3 xala da yaxın idilər.

Matça yaxşı başlayan ev sahibi komanda litvalı legioner Domantas Şimkusun möhtəşəm zərbəsi ilə önə çıxmağı bacardı. Hər şeyin yolunda getdiyi bir anda digər əcnəbi Camal Araqonun 65-ci dəqiqədə topu öz qapısına göndərməsi komanda yoldaşlarının qələbə ümidlərini puç etmiş oldu.

Amma bu avtaqolla gələn bərabərlik də "Səbail"li futbolçuların mübarizəsinə kölgə sala bilməz. Çempionatın ən kasıb komandası xoş sözləri haqq edir. Heç bir iddiası, məqsədi qalmayan, bir neçə gün əvvəl "Zirə" qarşısında darmadığın (4-0) olan, maaşlarını vaxtında ala bilməyən, bayıldakı bərbad arenaya sürgün edilən futbolçuların dünənki mübarizəsi sadəcə alqışlanmalıdır.

Ümumiyyətlə, "Səbail"li futbolçuların bəzi matçlardakı mübarizəsi "kasıb mərd olar" deyimini yada salmış olur. Elə dünənki qarşılaşma da o matçlardan biriydi.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti