Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə" digər paytaxt təmsilçisi "Səbail"i qəbul edəcək. İlk baxışdan meydan sahibləri cütün favoriti kimi görsənir. Həm heyət baxımından, həm də qış fasiləsindəki hazırlıq baxımından "Zirə" rəqibindən bir baş üstün durumdadır.
Amma Aftandil Hacıyevin komandası bu gün asan təslim olmaq fikrində deyil. Maliyyə sıxıntısı üzündən qış toplanışını Bakıda keçən və Kamran Ağayev, Turan Manafov kimi əsas simalarını itirən komanda bugünkü matça çox güclü motivasiya ilə hazırlaşıb. Bütün çətinliklərə rəğmən oyunöncəsi kollektivdə yaxşı ab-hava var.
Bunu komandanın təcrübəli futbolçularının dünəndən mətbuata verdikləri arda-arda iddialı açıqlamalarından da sezmək mümkündür.
Rahid Əmirquliyev: “Zirə” ilə Azərbaycan kubokunda iki dəfə qarşılaşmışıq və məğlub olmuşuq. Lakin xatırlayıram ki, ikinci qarşılaşmamızdakı məğlubiyyətdə hakim səhvi var idi. Bunlar artıq keçmişdə qalıb. “Zirə” qış fasiləsində daha da güclənib. Düşünürəm ki, qış fasiləsindəki hazırlıqda topladığımız güc sayəsində əzmkar mübarizə apararaq, növbəti mərhələyə keçən komanda biz olacağıq”.
Rauf Əliyev: “Oyuna ciddi hazırlaşmışıq. İstəyirik ki, Azərbaycan kubokunda daha da irəli mərhələlərə keçək. Buna “Zirə” ilə qarşılaşacağımız üçüncü oyunda nail olmaq və azarkeşlərimizi də sevindirmək istəyirik”.
Ədilxan Qarəhmədov: “Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı ciddi şəkildə bu oyuna hazırlaşır. Rəqibimizi tanıyırıq, necə oynadıqlarını bilirik. Hər şey özümüzdən asılıdır. Tək mən yox, bütün komanda olaraq, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk və cavab oyunlarının nəticəsində yarımfinala irəliləyəcəyimizə inanırıq. Qələbə üçün meydana çıxacağıq”.
Nikolas Raysel: “2022-ci ilin ilk oyununda “Zirə” ilə qarşılaşacağıq. Bundan əvvəlki qarşılaşmalardakı məğlubiyyəti unutmuşuq. Qış fasiləsindən sonrakı ilk oyuna hazırlıq prosesində komandadakı yüksək enerjini, əzmkarlığı hiss edirəm. Qalib gəlmək mövsümün sonunadək mübarizə aparmaq üçün bizi əlavə motivasiya edəcək. Özümə və komandama güvənirəm. Həm ilk oyuna, həm da cavab oyununa böyük əzmlə çıxacağıq”.
Açıqlama verən adlar kifayət qada sanballı simalardı. Fikirləri yüksək mübarizə əzmindən xəbər verir. Sirr deyil ki, təcrübəli futbolçulardakı belə istək digər yoldaşlarında sirayət edəcək.
Futbolda istəkli, iddialı olmaq, yüksək motivasiya ilə meydana çıxmaq isə vacib məqamdı. Düzdü, bu, hər vaxt uğur gətirmir, amma uğur gətirdiyi az oyunlar da olmayıb. İndi qalır həmin iddianı, istəyi meydanda əyani formada rəqibə göstərmək. Nə dərəcədə alınıb-alınmayacağını isə 90 dəqiqənin sonunda biləcəyik.
XANOĞLAN / SPORTİNFO.AZ

