“Bir qram da vicdan əzabı çəkmirik”: "Qarabağ"ın sayılmayan qoluna görə

3 Mart 2020 19:22 Sabah 773
“Bir qram da vicdan əzabı çəkmirik”:

Sportinfo.az Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadənin müsahibəsini təqdim edir:

- Premyer Liqanın XIX turunda “Qarabağ”dan xal ala bildiniz (0:0). Oyunu komandanız üçün necə dəyərləndirərdiniz?
- “Qarabağ”la matça olduqca ciddi hazırlaşmışdıq. Hansı komandaya qarşı oynayacağımızı bilirdik. Əlbəttə ki, nəticə bizi razı saldı. Razı salmaya da bilməz. Çünki səfərdə “Qarabağ” kimi rəqiblə heç-heçə etməyi hər komanda bacarmır. Biz bunu bacardıq və hər şey ürəyimizcə oldu.

- Meydana 1 xal üçün çıxmışdınız, yoxsa qələbə qazanmağı hədəfləyirdiniz?
- Biz rəqibdən asılı olmayaraq, meydana mübarizə aparmaq, 3 xal qazanmaq üçün çıxırıq. Bu, oyunun alınmasından asılıdır, qalib gələ də bilərik, məğlub ola da. Azərbaycanda “Qarabağ”la oyunda 1 xalla razılaşmayan komandanın olduğuna inanmıram. Onlarla bərabərlik bizim üçün qələbəyə bərabər nəticə idi.

- “Qarabağ” son dəqiqələrdə qol vursa da, baş hakim bunu qeydə almadı. Həmin epizodu necə şərh edərdiniz?
- Hamı deyir ki, “Qarabağ”ın halal qolu sayılmadı. Amma qoldan əvvəl verilən künc zərbəsi qərarı yanlış idi. Çünki top “Qarabağ”ın oyunçusuna dəyib meydanı tərk etmişdi. Qapıdan zərbə verilməliydi, künc zərbəsi verildi. Ona görə də “Qarabağ”ın vurduğu qolun hesaba alınmamasına görə bir qram da vicdan əzabı çəkmirik. Hakimin səhvindən danışırqsa, qoldan öncə verilən qərar da səhv idi. Bu üzdən zərrə qədər də pis olmuruq. “Qarabağ”ın qolunun sayılmaması ədalətli oldu. Çünki künc zərbəsi yox idi. Penalti epizodu olduğunu da deyirlər. Amma Ozobiç Xaymeyə ötürmə verəndə ispaniyalı oyundankənar vəziyyətdə idi.

- Çempionluğa iddia edən komandaya uduzmamaq sizə qarşıdakı matçlar üçün motivasiya verəcək?
- Ümumiyyətlə, təkcə “Qarabağ”la oyunu deməzdim, dörd turdur uduzmamağımız bizi sevindirir. Sevindirməyə də bilməz. Çempionatın sonuna elə də çox qalmayıb. Bütün matçlarda maksimum nəticə göstərib, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Əlbəttə ki, “Qarabağ”a uduzmamağımız bizə yaxşı motivasiya verdi. “Qarabağ”a uduzsaydıq belə, əl-qolumuzu yanımıza salmayacaqdıq. Sadəcə bu bir xal bizə daha çox güclənmək imkanı verdi ki, hər komanda ilə mübarizə aparmaq mümkündür.

- “Sabah” artıq dörd turdur məğlub olmasa da, ümumilikdə 8 xal toplayıb. Sizcə, bu, ən yaxşı nəticədir?
- Hamı çempionatda bizdən böyük nəticələr gözləyirdi. Sadəcə, liqaya yaxşı başlamadıq. Vaxt keçdikcə, qış toplanışından sonra tədricən özümüzə gəlməyə başlamışıq. Bu uğurlu seriyanı davam etdirmək istəyirik. Məqsədimiz hər oyunda üç xal qazanmaqdır.

- Həftəsonu “Neftçi” ilə qarşılaşacaqsınız. Onları səfərdə məğlub edə biləcəksiniz?
- Bəli, oyunumuz “Bakcell Arena”dadır. Ən çox sevdiyim stadionlardan biridir. Orada çıxış edəndə oyuna tam başqa cür motivasiya oluram. “Neftçi”ni səfərdə məğlub etmək mümkündür. Buna inanmasaq heç meydana çıxmağın mənası olmaz. Həyatda mümkünsüz heç nə yoxdur. Tam ciddi hazırlaşırıq, səbirsizliklə martın 7-ni gözləyirik.

- Çempionluq uğrunda mübarizə aparan iki komanda ilə ardıcıl qarşılaşırsınız. Bu mənada təqvimi sizing üçün uğursuz saymaq olar?
- Təqvimin ağır olduğunu demək istəmirəm. Çünki “Qarabağ”la da, “Neftçi” ilə də nə vaxtsa oynayacaqdıq. Bəlkə də, təqvimin belə olması daha yaxşıdır. İstər bir ay, istərsə də bir gün sonra, onsuz da, hər ikisi ilə qarşılaşmalıydıq. Təqvimdən heç bir narazılıq edə bilmərik.

- Azərbaycan millisinin baş məşqçi postuna italiyalı Covanni De Byazi gətirilə bilər. Yığma üzvü kimi, buna münasibətiniz necədir?
- Milli komandamızın baş məşqçisi məsələsi haqda tez-tez sual verirlər. Bu barədə çox danışmaq istəmirəm. Həmişə dediyim kimi, bunun bizə aidiyyəti yoxdur. Covanni De Byazini dərindən tanımasam da, Albaniya yığması ilə qazandığı uğurdan xəbərim var. Onu albanları Avropa çempionatının final mərhələsinə çıxarmasından tanıyıram.

- “Feyenoord”un futbolçusu Orkun Kökçünün sənə formasını hədiyyə göndərməsi necə alındı?
- Bəli, mənə “Feyenoord” forması göndərib. Özan Can Kökçü, Orkun və atası ilə çox mehriban, isti münasibətimiz var. Hər ikisi çox perspektivli oyunçudur. Vaxt tapdıca Orkunun da “Feyenoord”dakı çıxışını izləməyə çalışıram. Forma məsələsini Ozan Cana demişdim. O da sözümü yerə salmadı, Orkuna söylədi və formasını göndərdi. Mən də qardaşların bu jestini sosial şəbəkədə paylaşmışdım. Doğum günüm filan deyildi, sadəcə, hədiyyə göndərildi. Dostcasına hədiyyə idi desəm, daha doğru olar (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti