Çempionlar Liqasının ilk mərhələsində Uels çempionu TNS-i mübarizədən kənarlaşdıran (2:0, 2:1) “Sabah” növbəti sınaq qarşısındadır.
“Bayquşlar” 2-ci mərhələdə Finlandiya Vaykkausliqasının son qalibi KuPS-la münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyun bu dəfə də ölkəmizdə baş tutacaq ki, Skandinaviya komandasının Bakı planı məlumdur.
Qonaqlar paytaxtımıza oyundan iki gün əvvəl təşrif buyuracaq.
İyulun 19-u çarter reysli təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək. Həmin gün komanda üzvləri istirahət etmək üçün birbaşa otelə yollanacaq.
KuPS Bakının lüks məkanlarından sayılan “Hyatt Regency”də məskunlaşacaq.
Ertəsi, yəni iyulun 20-də komanda üzvləri səhər yeməyindən sonra az müddətlik şəhər turuna çıxacaq.
Saat 17:00-da Kuopio şəhərini təmsil edən komandanın baş məşqçisi Simo Valakari “Bank Respublika Arena”nın konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq.
Bundan 1 saat sonra isə qonaq komanda sözügedən stadionda ilk 15 dəqiqəsi media mənsubları üçün açıq olan oyunöncəsi son məşqə çıxacaq.
İyulun 21-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – KuPS qarşılaşması saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

