"Sabah" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS ilə cavab matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, Uels klubunun baş məşqçisi Kreyq Harrison matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Məğlubiyyətdən sonra komandada vəziyyət və əhval-ruhiyyə necədir?
- Hər şey qaydasındadır. Biz dərk edirik ki, "Sabah" çox yaxşı komandadır. "Qarabağ" kimi Çempionlar Liqasında uğurla çıxış edən bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər. Onların çox yaxşı oyunçuları və təcrübəli baş məşqçisi var. Məğlubiyyətə rəğmən komandamın təşkilatçılığı, əzmkarlığı və fədakarlığı məni sevindirdi. Bəlkə də istədiyimiz qədər hücum edə bilmədik.
- İlk oyunda topa daha çox "Sabah"ın sahib olacağını gözləyirdiniz. Sabahkı matçdan gözləntiniz necədir?
- Bəli, bu dəfə rəqibin topa o qədər də çox sahib olmayacağını gözləyirəm. Lakin onlar topa nəzarət etməyi sevən komandadırlar, ona görə də yenə müəyyən üstünlükləri ola bilər. Oyun planımız bu dəfə fərqli olacaq, topla daha çox oynamağa və imkanlar yaratmağa çalışacağıq. Topa sahib olmaq güclü göstəricidir, amma yekunda hər şeyi qapıya zərbələr həll edir. Evdə daha çox hücum etməyi və onları təzyiq altında saxlamağı planlaşdırırıq. Əgər ilk qolu biz vursaq, hər şey dəyişəcək.
- İlk matçdan hansı dərsləri çıxardınız? Oyuna tam hazırsınız?
- Futbolda həmişə nəsə öyrənirsən. Nəyi daha yaxşı edə biləcəyimizi analiz etdik. Məşqçilər heyəti ilə saatlarla bunun üzərində çalışmışıq. Müsbət və mənfi məqamları qeyd etmişik. Geriyə qayıdarkən yol bizim üçün yaxşı keçmədi və yolda 18-20 saat vaxt itirdik. Hava limanlarında çox gözlədik. "Sabah" isə yəqin ki, çarter reysi ilə birbaşa gələcək. Lakin artıq o yorğunluğu geridə qoymuşuq, dincəlmişik və hazırıq. Sabah yalnız bəzi kiçik xatırlatmalar edib meydana çıxacaq və ilk qolu vurmağa çalışacağıq.
- İlk oyundan öncə çoxlu zədəli futbolçunuz var idi. Onlar arasında sabahkı matçda iştirak edənlər olacaq?
- Xeyr, Ben Vilson, Bred Yanq, Denni Devis, Adam Vilson, Rori Holden və Ceykob sabah oynamayacaqlar. Ümid edirik ki, növbəti mərhələyə qədər sağalarlar. Onlar bizim üçün çox vacib oyunçulardır. Səfər matçında ehtiyat oyunçular skamyamız çox gənc və təcrübəsiz idi. Demək olar ki, ümumilikdə 50-dən az oyun təcrübələri var idi. Evdə bəlkə də gənclərə şans vermək daha asan olar, amma səfərdə onları belə böyük təzyiq altına atmaq və səhv etmə ehtimallarını artırmaq ədalətli olmazdı.
- Avrokuboklarda evdə oynamaq sizin üçün hər zaman üstünlük olub. Son 7 Avropa oyununun yalnız 2-də uduzmusunuz. Rəqiblər üçün burada oynamaq niyə bu qədər çətindir?
- Düşünürəm ki, bu, həm bizim oyun üslubumuz, həm də meydança ilə bağlıdır. Etiraf edək ki, Avropada süni örtüklü meydançalar o qədər də çox deyil. Biz isə hər gün burada məşq edir və oynayırıq. Topun quru və ya yaş havada necə hərəkət etdiyini çox yaxşı bilirik. Futbolçularımız özlərini burada rahat hiss edirlər. Biz evdə doğrudan da təhlükəli rəqibik və bunu sabahkı matç üçün böyük müsbət hal kimi dəyərləndiririk.
- Bu statistika və meydan amili komandaya necə təsir edir?
- Evdə oynayırıq, 2 top fərqi ilə geridəyik və ilk qolu bizim vurmağımız mütləqdir. Bu qol 1-ci dəqiqədə də gələ bilər, 80-ci dəqiqədə də. Əgər 80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tamamilə yenidən başlayacaq. Əsas məqsədimiz də məhz budur.

