"Sabah"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS ilə cavab matçının ölkəmizdə yayınlanmamaq ehtimalı var.
Problem ondadır ki, Uels klubunun oyunlarının yayın hüququna malik şirkətin "bayquşlar"dan tələb etdiyi məbləğ bazar dəyərindən yüksəkdi.
Belə ki, qarşı tərəf Masazır təmsilçisindən 100 min manat tələb edir. Bu isə Çempionlar Liqasının ilk təsnifat mərhələsinin oyunlarının yayını üçün nəzərdə tutulan məbləğdən ən azı 5 dəfə artıqdır.
Həmin vəsaiti istər "CBC Sport", istərsə də "Sabah" ödəyə bilər. Ancaq məbləğin yüksəkliyi hər iki tərəfi narazı salıb.
Düzdür, "bayquşlar" oyunun ölkəmizdə göstərilməsi üçün qarşı tərəfə bazar qiymətindən bir qədər çox məbləğ təklif edib. Lakin uelslilər ilk tələbində israrlıdır.
Belə məsələlər, adətən, barter üsulu ilə tənzimlənir. Yəni ilk matçda meydan sahibi olan komanda qonaqlar üçün pulsuz yayın təşkil edir. Sonradan meydan sahibi olan komanda da eyni addımı atır.
Burada isə TNS yayın hüquqlarını başqa şirkətə satıb və bu üzdən anlaşmazlıq ortaya çıxıb.
"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov mövcud vəziyyətlə bağlı Sportinfo.az-a açıqlama verib:
"Təəssüf ki, qarşı tərəf hazırda oyunun yayımının təşkilində maraqlı görünmür. Oyunun siqnalının ötürülməsi üçün bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb olunur.
Hazırda danışıqlar davam edir və hər hansı müsbət yenilik olacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək".

