“Onlar artıq hücum etməyə və hesabdakı geriliyi aradan qaldırmağa çalışacaqlar”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın hücumçusu Coy-Lens Mikels deyib.
Almaniyalı hücumçu Çempionlar Liqasının birinci təsnifat mərhələsində TNS-i ilk oyunda 2:0 hesabı ilə məğlub etməklərinə rəğmən, Uelsdəki cavab görüşünün tamam fərqli keçəcəyini vurğulayıb:
“Onlar hücuma atılacaq. Bu isə meydanda daha çox boşluqların yaranmasına səbəb ola bilər. Belə olacağı təqdirdə, daha çox qol imkanları əldə edəcəyimizə inanıram”.
O, “Sabah”ın Çempionlar Liqasındakı hədəfləri barədə danışmağın tez olduğunu söyləyib:
“Qarşıda uzun yol var. Əlbəttə, mümkün qədər irəli getmək istəyirik. Hazırda bütün diqqətimizi cavab görüşünə yönəltmişik.
Bu mərhələni adladıqdan sonra növbəti rəqibimiz barədə düşünəcəyik”.
Komandalar arasında cavab oyunu iyulun 14-də keçiriləcək.

