“Məqsədimiz mümkün qədər irəli getməkdir. Şəxsi hədəfim isə komandaya bacardığım qədər kömək etməkdir”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın serbiyalı yarımmüdafiəçisi Velko Simiç Çempionlar Liqasının birinci təsnifat mərhələsində TNS-i (Uels) Masazırda məğlub (2:0) etdikləri oyun haqda deyib.
- Matçda hesabı siz açdınız. Oyunu necə dəyərləndirirsiniz?
- Komandamız üçün yaxşı oyun alındı. Matça yaxşı başladıq. Sadəcə, qolu vaxtında vurmalı idik. Bəlkə də bunu daha erkən edə bilərdik. Bununla belə, cavab oyunu öncəsi yaxşı nəticə əldə etdiyimizi düşünürəm.
- Bu nəticədən sonra cavab görüşünə daha rahat çıxacağınızı söyləmək olar?
- Xeyr, qətiyyən. Çempionlar Liqasında formal oyun olmur. Hər bir rəqib güclüdür. Buna görə də bütün diqqətimizi növbəti matça cəmləməli və maksimum ciddi yanaşmalıyıq.
- Çempionlar Liqasında komandanızın şanslarını necə qiymətləndirirsiniz?
- Qarşıda uzun yol var. Hazırda əsas diqqətimizi cavab oyununa yönəltmişik. İstəyimiz həmin görüşdə uğurlu nəticə qazanaraq növbəti mərhələyə yüksəlməkdir. Ondan sonra vəziyyəti dəyərləndirəcəyik. Komandama inanıram, yaxşı futbol oynayırıq. Addım-addım irəliləyəcəyik.
- Rəhbərlik tərəfindən komandanın qarşısına hansı hədəflər qoyulub?
- Məqsədimiz mümkün qədər irəli getməkdir. Hər oyuna ayrıca yanaşmaq, imkan daxilində bütün mərhələləri uğurla keçmək və bunun bizi hara aparacağını görmək istəyirik. Şəxsi hədəfim isə komandaya bacardığım qədər kömək etməkdir.
- Azərbaycan çempionatındakı hədəflər barədə nə deyə bilərsiniz?
- Məqsədlərimiz dəyişməyib. Hazırda çempionuq və bu titulu qorumaq istəyirik. Əlbəttə, bu, çox çətin olacaq. Hamımız bilirik ki, "Qarabağ" çox güclü komandadır. Liqada digər keyfiyyətli komandalar da var. Bizi maraqlı mövsüm gözləyir və hər oyuna ciddi yanaşmalıyıq.

